“Yelo Bank”ın rəhbərliyinin taleyi dekabrda məlum olacaq
“Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifələrinə yenidən təyin edilməsi məsələsinə baxılacaq.
Bununla bağlı məsələ bankın dekabrın 3-də keçiriləcək səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.
İclasda İdarə Heyəti üzvlərinin və sədrinin vəzifəyə yenidən təyin edilməsi ilə yanaşı, bankın 2027-ci il büdcə layihəsinin və 2027–2029-cu illəri əhatə edən Strateji İnkişaf Planının təsdiqlənməsi nəzərdə tutulur. Həmçinin cari və təşkilati məsələlərə baxılacaq.
Qeyd edək ki, “Yelo Bank” 1994-cü ildə “Ulpar” Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Bank sonradan “Nikoil Bank” adı altında fəaliyyət göstərib, 2019-cu ildə isə “Yelo Bank” adlandırılıb.
Bankın nizamnamə kapitalı 378 milyon manatdır. Səhmlərinin 98,94%-i Marina Kulişovaya, 0,96%-i Anar Həsənova, 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.
Bankın İdarə Heyətinin sədri Anar Həsənovdur. İdarə Heyəti sədrinin müavinləri Emil Duşdurov, Günay Cəlilova və Elşən Pirmalıyev, digər üzvü isə Səbuhi Süleymanlıdır. (plat)


