"WhatsApp" qrup söhbətləri üçün dörd yeni funksiyanı istifadəyə verir

"WhatsApp" qruplarda mesajların sabitlənməsi, yazışma tarixçəsinin paylaşılması və statuslarla bağlı yeniliklər təqdim edir. İstifadəçilər həmçinin qeyd və cavabları filtrləyə biləcəklər.

"WhatsApp" qrup söhbətləri üçün dörd yeni funksiyanı istifadəyə verir
Foto: WABetaInfo

"WhatsApp" Android və iOS istifadəçiləri üçün qrup söhbətlərini izləməyi asanlaşdıran dörd yeni funksiyanı mərhələli şəkildə istifadəyə verir. Bu barədə BusinessTime "WABetaInfo"ya istinadən xəbər verir.

Yeniliklərdən biri vacib mesajları söhbətin yuxarı hissəsində müddətsiz sabitləməyə imkan yaradır. Əvvəllər istifadəçilər sabitləmə üçün 24 saat, 7 gün və ya 30 gün müddətindən birini seçməli idilər.

Digər dəyişikliklə qrupa yeni qoşulan şəxsə əvvəlki mesajlar sonradan da göndərilə bilər. Bunun üçün söhbətdə həmin şəxsin adına toxunmaq lazımdır. Paylaşılan mesajlar başdan-başa şifrələmə ilə qorunur.

Qrup statusu funksiyası isə məzmunu bütün kontaktlarla deyil, müəyyən qrupla paylaşmağa imkan verir. Qrup üzvləri statusa baxa, reaksiya verə və öz statuslarını əlavə edə bilirlər. Bu paylaşımlar 24 saatdan sonra yox olur.

Yeni filtr istifadəçinin adının qeyd edildiyi və ya mesajına cavab verildiyi oxunmamış qrup söhbətlərini göstərir. Filtr icma söhbətlərini və administratorların bütün üzvləri qeyd etdiyi mesajları da əhatə edir. İstifadəçilər onu əsas söhbət siyahısından çıxara bilərlər. Funksiyaların daha çox hesaba yaxın həftələr ərzində təqdim edilməsi gözlənilir.