Yeni Dövlət Proqramı: Aqrar sektorda məhsuldarlıq və gəlirlər üçün yeni dövr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafında yeni mərhələnin əsasını qoyur.
Dövlət Proqramının aqrar sektora verəcəyi töhfələr, taxılçılığın inkişafı, fermerlərin gəlirlərinin artırılması və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi ilə bağlı məsələlər barədə Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının (ATİEA) sədri Niyazi Əmirbəyov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının inkişafında hansı yeni imkanlar açır?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi bu strateji Dövlət Proqramı ölkənin aqrar siyasətində keyfiyyət, innovasiya və yüksək texnologiyalar əsasında yeni inkişaf mərhələsinin əsasını qoyur. Proqram sahənin rəqabət qabiliyyətinin artırılmasını, ənənəvi üsullardan yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılıq modelinə keçidin sürətləndirilməsini və yerli istehsal potensialının genişləndirilməsi vasitəsilə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyir. Bu çərçivədə respublikanın torpaq, su və insan kapitalı potensialından daha səmərəli istifadə imkanları genişləndirilir, müasir suvarma sistemləri və resurslara qənaət edən innovativ texnologiyalar istehsalata geniş şəkildə təşviq olunur.
Dövlət Proqramında taxılçılığın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. İxtisaslaşmış rayonlarda həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində 2030-cu ilədək buğda üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması və ölkə üzrə ümumi istehsal həcminin 20 faiz artırılması planlaşdırılır. Bu hədəfə nail olmaq üçün əkin sahələrinin elmi əsaslarla becərilməsi və torpaq resurslarının bərpası gücləndirilməklə yanaşı, yeni taxıl silolarının tikintisi və təchizat zəncirinin təkmilləşdirilməsi təmin ediləcək. Ənənəvi təsərrüfatçılıqdan müasir və texnoloji modelə keçidi təmin edən bu genişmiqyaslı islahatlar regionlarda iqtisadi fəallığın artmasına, yeni məşğulluq imkanlarının yaranmasına və kənd yerlərinin sosial rifahının yüksəlməsinə mühüm strateji töhfə verəcək.
- Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının emalı sahələrinin genişləndirilməsi və logistik infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlərin fermerlərin maliyyə vəziyyətinə, gəlirlərinin artımına və məhsulların bazara çıxış imkanlarına hansı təsirləri gözlənilir?
- Kənd təsərrüfatı məhsullarının emalı sahələrinin genişləndirilməsi və müasir logistik infrastrukturun təkmilləşdirilməsi fermerlərin maliyyə vəziyyətinə və ümumi gəlirliliyinə birbaşa müsbət təsir göstərir. Xammalın emal olunaraq daha yüksək əlavə dəyərli məhsula çevrilməsi istehsalçıların gəlirlərinin artmasına və bazarda rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verəcək.
Dövlət Proqramı çərçivəsində fermerlərin yeni texnologiyalara çıxışını asanlaşdırmaq məqsədilə subsidiya, güzəştli kredit və digər maliyyə dəstəyi mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, yüksək məhsuldarlığa malik toxum sortlarının istifadəsinin genişləndirilməsi, aqrotexniki xidmətlərin təkmilləşdirilməsi və müasir kənd təsərrüfatı texnikalarının tətbiqi məhsul istehsalının səmərəliliyini artıracaq.
Taxıl silolarının və logistika infrastrukturunun inkişafı isə məhsul itkilərinin minimuma endirilməsinə, saxlama imkanlarının genişləndirilməsinə və fermerlərin daxili və xarici bazarlara çıxışının asanlaşmasına şərait yaradacaq. Nəticədə istehsal zəncirinin bütün mərhələlərində əlavə dəyər formalaşacaq və fermerlərin gəlirləri daha dayanıqlı şəkildə artacaq.
- Dövlət Proqramının kənd təsərrüfatı və aqrar təhsil sahələrinə gətirəcəyi əsas yeniliklər hansılardır?
- Dövlət Proqramının əsas yeniliklərindən biri kənd təsərrüfatında məhsuldarlığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsidir. Bu tədbirlər fermerlərin daha az xərclə daha çox məhsul əldə etməsinə, resurslardan səmərəli istifadə etməsinə və təsərrüfatların gəlirliliyinin yüksəlməsinə imkan yaradacaq. Eyni zamanda, müasir suvarma sistemlərinin, innovativ aqrotexniki həllərin və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi kənd təsərrüfatında səmərəliliyin yüksəlməsinə, istehsal xərclərinin optimallaşdırılmasına və rəqabət qabiliyyətinin artmasına xidmət edəcək.
Aqrar təhsil sahəsində isə fermerlərin və mütəxəssislərin bilik və bacarıqlarının artırılması, innovativ idarəetmə metodlarının, elmi yanaşmaların və müasir aqrotexnologiyaların tədrisinin genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər aqrar sektorda peşəkar kadr potensialının gücləndirilməsinə, innovasiyaların tətbiqinin sürətlənməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Ümumilikdə, Dövlət Proqramında müəyyən olunan hədəflər ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, fermer gəlirlərinin artırılmasına, regionların inkişafına və kənd yerlərində məşğulluğun genişlənməsinə xidmət etməklə aqrar sektorun rəqabət qabiliyyətini daha da artıracaq.


