Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına start verilir

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına start verilir

Tələbələr üçün beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in ikinci dalğasına qeydiyyat başlayır. Proqram tələbələrə süni intellekt, data, kibertəhlükəsizlik, proqram təminatının hazırlanması və digər müasir texnologiya sahələrində praktiki biliklər qazanmaq, real layihələr üzərində işləmək və karyeralarını formalaşdırmaq imkanı yaradacaq.

Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə həyata keçirilir.

Əsas məqsəd tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları beynəlxalq əmək bazarının tələblərinə uyğun hazırlamaq və ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda, layihə Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarını tətbiq etməyi hədəfləyir.

Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrinin 3-cü kursunun 2-ci yarımilində təhsil alacaq, universitetə 400 və üzəri balla qəbul olunan tələbələr proqramda iştirak edə bilərlər. Proqrama yalnız İT və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr müraciət edə bilərlər.

Seçim mərhələsində iştirakçılar baza biliklərini qiymətləndirən test imtahanından və müsahibədən uğurla keçməlidirlər. Seçim nəticəsində ümumilikdə 220 tələbənin proqrama cəlb olunması nəzərdə tutulur.

2027-ci ilin fevral–iyul aylarını əhatə edəcək 6 aylıq proqram çərçivəsində tələbələr aşağıdakı istiqamətlər üzrə təlim keçəcəklər:

  • Süni intellekt mühəndisliyi (AI Engineering Bootcamp)

  • Kibertəhlükəsizlik və süni intellekt (Cybersecurity and AI Bootcamp)

  • Verilənlər elmi və süni intellekt (Data Science and AI Bootcamp)

  • Proqram təminatının hazırlanması və süni intellekt (Software Development and AI Bootcamp)

  • Bulud və platforma mühəndisliyi, süni intellekt (Cloud and Platform Engineering and AI Bootcamp)

Tədris hibrid formatda təşkil olunacaq. Proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv təlimlər keçirəcəklər. “Bootcamp” formatında təşkil edilən dərslər zamanı tələbələr real layihələr üzərində işləyəcək, praktiki təcrübə qazanacaq və gələcək iş müraciətlərində istifadə edə biləcəkləri layihələr portfeli formalaşdıracaqlar.

Bununla yanaşı, tələbələr üçün hakatonlar, karyera sərgiləri və peşəkar əlaqələrin qurulmasına imkan yaradan şəbəkələşmə tədbirləri təşkil olunacaq.

Proqramın üstünlüklərindən biri də təhsil müddətində tələbələrin universitet kreditlərinin tanınmasıdır. Müvafiq qaydada tanınan kreditlər sayəsində iştirakçılar digər fənlər üzrə dərslərdən azad edilərək altı ay ərzində vaxtlarını və diqqətlərini yalnız proqramın tədrisinə yönəldə biləcəklər.

Proqramı uğurla tamamlayan iştirakçılara beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkətinin sertifikatı təqdim olunacaq.

Qeydiyyat linki: https://ironhack.typeform.com/to/sS9Mg8lf

Son qeydiyyat tarixi: 22 noyabr 2026-ci il

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ironhack” texnologiya sahəsində praktiki təhsil proqramları təqdim edən beynəlxalq tədris şirkətidir. Şirkətin məlumatına əsasən, indiyədək 25 000-dən çox məzun yetişdirilib, məzunların 75%-i proqramı bitirdikdən sonra işlə təmin olunub. Onlar 800-dən çox qlobal şirkətdə çalışırlar.