Tarixi Zəfərin təntənəsi!
Azərbaycan xalqı bu gün Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, Ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi nəticəsində əldə edilmiş möhtəşəm nailiyyətləri qeyd edir. Ulu Öndərin təməlini qurduğu dövlətçilik əsasları və Prezidentimizin müdrikliklə yürütdüyü daxili və xarici siyasət, həyata keçirilən islahatlar, Azərbaycanı regionun güclü, müstəqil və suveren dövlətinə çevirdi.
İki böyük Şəxsiyyətin-Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müəllifliyi ilə başa gələn Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsini özündə əks etdirən bugünki mənzərə dövlətimizin qüdrətlənməsi, iqtisadi yüksəlişi fonunda müstəqilliyimizin qorunması və bütün ərazilərimizdə ölkəmizin suverenliyinin tam bərpasını özündə əks etdirən, davamlı tarixi Qələbəlirimizi, Zəfərlərimizi addım-addım yaxınlaşdıran xalqımızın müzəffərlik epoxasıdır. Vətən Müharibəsinin ardınca 19-20 sentyabr 2023-cü il tarixdə həyata keçirilmiş antiterror əməliyyatında qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə nəticələndi.
Dövlət başçısı 2024-cü il sentyabrın 19-da Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə 20 sentyabrın Dövlət Suverenlik Günü kimi elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə Dövlət Suverenlik Günü böyük təntənə ilə qeyd olunacaq. Dövlətimizin başçısının bu sərəncamı tarixə böyük hörmət, yurdumuzun azadlığı uğrundan gedən döyüşlərdə şəhid olanların ruhuna ehtiramdır. Bu həm də tarixi ədalətin bərpası, şanlı Azərbaycan Ordusunun Qarabağda qazandığı zəfərin, qələbənin rəsmiləşdirilməsidir. Bu gün hər birimizin ürəyində böyük qürur hissi yaşanır, şəhidlərimizin, qazilərimizin, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsi ehtiramla yad olunur.
Bu müqəddəs gün, gələcək nəsillərə örnək olacaq bir vətən sevgisi məktəbidir ki, qəlblərdə dövlətçiliyə sədaqət hissini daha da gücləndirir. Əlbəttə ki, bu günümüzü, sabahımızı aydınladan bu qüruru, bu suverenliyi şəhidlərimizə, onların vətənə, millətə əmanət qoyduğu əzizlərinə borcluyuq. Bu tarix sadəcə bir tarix deyil, xalqın hər zaman arxalanaraq inandığı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, güclü dövlətçilik irsi və xalq-iqtidar birliyi ilə min illərlə xalqımızın ruhunda yaşatdığı azadlıq idealının rəsmi təntənəsidir.
Biz bu gün başımız dik, alnımız açıqdır. Çünki şəhidlərimizin ruhu, qazilərimizin iradəsi, xalqımızın birliyi sayəsində torpaqlarımız azadlığına qovuşdu, dövlət suverenliyimiz bərpa olundu. Və bu gün bayrağımız vətənin hər güşəsində, yüksək beynəlxalq tribunalarda əzəmətlə, vüqarla dalğalanır. İnanırıq ki, bu müqəddəs bayrağın altında gələcək nəsillər də suveren ölkənin vətəndaşı olaraq qürurla yaşayacaq, sabahın yüksəliş zirvəsinə doğru addımlayan vətənimizə, dövlətimizə layiq olacaqlar.
Qoy bu gün qürurla dalğalanan üçrəngli bayrağımız daim ucalarda olsun! Yaşasın qalib Azərbaycan! Yaşasın dövlət suverenliyimiz!.
Səidə Rzayeva;
Neftala rayonu

