Bu dostluq müasir dövrdə daha da möhkəmlənib
Azərbaycan-Gürcüstan münasibətlərinin qorunması və möhkəmləndirilməsi Cənubi Qafqazın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin əsası dərin tarixi, coğrafi və mədəni köklərə əsaslanır. Coğrafi yaxınlıq, siyasi və iqtisadi əlaqələr bu iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etmişdir. Orta əsrlərdən müasir dövrə qədər bu münasibətlər müxtəlif mərhələlərdən keçmişdir. Gürcüstan və Azərbaycanın yerləşdiyi region İpək Yolunun əsas hissəsi olmuşdur ki, bu da ticarət və mədəni mübadilə əlaqələrinin formalaşmasına müsbət təsir göstərmişdir. Tarixin bütün dövrlərində hər iki dövlət birgə təhlükəsizlik və regional sabitlik məsələlərində əməkdaşlıq etmişdir. Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik qazanan hər iki qonşu dövlət arasında 1992-ci ildən diplomatik əlaqələr yaranmışdır. Bu gün hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləməkdədir.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri iki ölkə arasındakı iqtisadi əlaqələrin təməlini təşkil edir. Qeyd etməliyik ki, Gürcüstan Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasında tranzit rolunu oynayır. Bu gün, həm də Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat layihəsidir. Eyni coğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstan regional sabitliyin təmin olunması üçün sıx əməkdaşlıq edir. Hər iki ölkə Ermənistanın təcavüzkar siyasətinə qarşı ortaq mövqe sərgiləyir. Azərbaycan-Gürcüstan münasibətlərinin qorunması və möhkəmləndirilməsi Cənubi Qafqazın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkənin xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşamış və yaşamaqdadırlar. Coğrafi yaxınlıq, tarixi bağlar və oxşar mədəniyyət xalqlarımızın qardaşlaşmasına səbəb olmuşdur. Bu faktdır ki, Gürcüstan və Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz ərazisi müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsi olmuşdur. Hələ tarixən hər iki xalq yadelli işğalçılara qarşı mübarizədə bir-birinə dəstək göstərmişdir.
Müstəqillik əldə etdikdən sonra Gürcüstan və Azərbaycan strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etməkdədir. Bu günlərdə Gürcüstanın yeni seçilmiş Baş Naziri İrakli Kobaxidzenin ilk rəsmi səfərini ölkəmizə etməsi yuxarıda qeyd etdiklərimizin bariz göstəricisidir.
Səfər zamanı cənab İlham Əliyevin və ali qonağın səsləndirdiyi fikirlər iki ölkənin münasibətlərinin səviyyəsinə bird aha işıq saldı. Fikirlərimin sonunda bildirmək istəyirəm ki, Gürcüstan və Azərbaycan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bu əlaqələr tarixin bütün dövrlərində davam etmişdir. Bu dostluq müasir dövrdə daha da möhkəmlənmiş, regional və beynəlxalq əməkdaşlığa töhfə vermişdir.
Əli Məmmədov;
Neftçala rayonu

