Sərhəd sığortası müqaviləsinin rəsmiləşdirilməsi imkanları genişləndirildi
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən yaradılmış rəsmi TPL.AZ onlayn platforması vasitəsilə sərhəd sığortası müqavilələrinin rəsmiləşdirilməsi imkanları genişləndirilib. Artıq platforma MPAY terminalları üzərindən də əlçatandır.
TPL.AZ platforması istifadəçilərə sığorta müqaviləsini Azərbaycan Respublikasına daxil olmadan əvvəl onlayn şəkildə əldə etmək imkanı yaradır. Bununla yanaşı, internetə çıxışı və ya onlayn ödəniş imkanları məhdud olan istifadəçilər üçün alternativ olaraq sərhəd-keçid məntəqələrində yerləşdirilmiş MPAY terminalları vasitəsilə də müqavilənin rəsmiləşdirilməsi mümkündür.
MPAY terminallarından istifadə zamanı istifadəçi terminalda TPL.AZ bölməsini seçir, sığorta şirkətini müəyyən edir, tələb olunan məlumatları daxil edir və ödənişi nağd qaydada həyata keçirir. Müqavilə ödəniş həyata keçirildikdən sonra real vaxt rejimində aktivləşdirilir.
İstifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə TPL.AZ platforması 6 dildə -azərbaycan, rus, ingilis, fars, gürcü və türk dillərində fəaliyyət göstərir.
Bu yanaşma sərhəd-keçid məntəqələrində xidmətin daha çevik təşkili ilə yanaşı, müxtəlif istifadəçi qrupları üçün sığorta müqaviləsinin rəsmiləşdirilməsini daha əlçatan edir.


