Qarabağ bölgəsində 2026-cı ilin ilk Alpaqut seminarı və Alpaqut döyüş sənəti üzrə kəmər üstünlükləri imtahanı təşkil olunub.
11 yanvar 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində Azərbaycan Alpaqut Federasiyasının (AAF) Qarabağ Regional Nümayəndəliyinin təşkilatçılığı ilə zona seminarı keçirilib.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra AAF-nın vitse-prezidenti Kürşad Rafiq Qasımov çıxış edərək idmançılara Federasiyanın prezidenti Başad Tural Abasquliyevin salamlarını çatdırıb. O, Azərbaycanda Alpaqut döyüş sənətinin inkişafı istiqamətində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayıb.
Seminar zamanı Alpaqut döyüş sənətinin əsas prinsipləri, Ayça, Batur, Caymaz və Qurşaq sistemləri üzrə yarış qaydaları barədə ətraflı məlumat verilib və praktiki izahlar aparılıb. Tədbirin sonunda idmançıların bir qismi Alpaqut döyüş sənətinin təsnifat normativlərinə uyğun olaraq müxtəlif kəmər üstünlükləri üzrə imtahan veriblər.
Seminarda Ağdamdan üç komanda olmaqla, Ağcabədi, Mingəçevir və Laçın rayonlarından olan Alpaqutçular iştirak edib. Ümumilikdə tədbirə 100-ə yaxın idmançı qatılıb.
Seminarın yüksək səviyyədə təşkil olunmasında AAF-nın Qarabağ Regional Nümayəndəliyinin sədri Tegin Kənan Quliyevin əməyi Azərbaycan Alpaqut Federasiyası tərəfindən yüksək qiymətləndirilib.