Mediasiya xidmətlərinin genişləndirilməsi müzakirə edilib

Mediasiya xidmətlərinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 25 sentyabr 2023-cü il tarixli, 801s nömrəli Sərəncamının icrası ilə bağlı 8 dekabr 2025-ci il tarixində ZOOM videokonfrans platforması üzərindən İşçi qrupun növbəti onlayn iclası keçirilib.

İclasda İşçi qrupun rəhbəri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdir müavini Nuranə Həsənova, rayon icra hakimiyyətlərinin nümayəndələri və digər aidiyyəti dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Görüş zamanı İşçi qrupun indiyədək həyata keçirdiyi fəaliyyət istiqamətləri, görülmüş işlərin nəticələri və əldə olunmuş irəliləyişlər barədə geniş məlumat təqdim edilib. Eyni zamanda qarşıdakı dövr üçün planlaşdırılan addımlar, sosial xidmətlərin inkişafı sahəsində prioritet istiqamətlər, institusional koordinasiyanın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Aidiyyəti dövlət orqanlarının sosial xidmətlərin inkişafına töhfə verə biləcək fəaliyyət imkanları, birgə əməkdaşlıq mexanizmləri və yerli səviyyədə effektiv koordinasiya üçün görülə biləcək tədbirlər də tədbirin əsas müzakirə mövzularından biri olub.

İclas zamanı ailədaxili mübahisələrin həlli sahəsində mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məsələsinə xüsusi diqqət göstərilib, bu istiqamətdə mövcud vəziyyət, ehtiyaclar və perspektiv addımlar təhlil olunub. Qeyd edilib ki, ailə münasibətlərində qarşıdurmanın azaldılması, konfliktlərin yumşaq və konstruktiv üsullarla həll edilməsi üçün mediasiyanın rolu ildən-ilə artır və bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir.

Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2025-ci ilin 7–11 iyul tarixlərində keçirilmiş “Ailədaxili mübahisələrin həlli ilə bağlı Mediasiya Xidmətlərinin Tətbiqinin genişləndirilməsi” mövzusunda təlimlər iştirakçıların diqqətinə çatdırılıb.