İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.
İnsult şübhəsi olan şəxslərdə vaxt itirmədən bir sıra müayinələr aparılır. İlkin qiymətləndirmə üçün ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beynin kompüter tomoqrafiyası (KT), beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün maqnit rezonans tomoqrafiya (MRT), beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri bilmək üçün laborator testlər aparılır. Bu müayinələr insultun işemik və ya hemorragik növü olduğunu dəqiqləşdirməyə və düzgün müalicəni seçməyə imkan verir.
Müayinələrdən sonra, ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətlərinə də üz tutulur. Bu xəstənin bərpasının ən vacib hissəsidir. Çünki insult beynin müəyyən hissəsinə zərər vurur və nəticədə hərəkət, tarazlıq və gündəlik fəaliyyətlərdə problemlər yarana bilir. Reabilitasiya həmin itirilmiş funksiyaların yenidən qaytarılmasına və ya maksimum yaxşılaşdırılmasına xidmət edir. Sadalanan müayinə və müalicə üsulları hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Tibb müəssisələrinin axtarışı” bölməsinə daxil olmaqla xidmətlərin göstərildiyi müəssisələrlə tanış olmaq mümkündür.
Məlumat üçün bildirək ki, insultun qəfil başlayan xarakterik simptomları var. Məsələn, üzün bir tərəfində qəfil sallanma, gülümsəyəndə asimmetriya, bir qolun və ya ayağın gücsüzlüyü, qaldırıla bilməməsi, nitqin anlaşılmazlığı , sözlərin düzgün deyilməməsi və ya ümumiyyətlə danışa bilməmək, qəfil şiddətli baş ağrısı, başgicəllənmə, tarazlığın pozulması, hərəkətlərin koordinasiyası problemləri, görmənin birdən pisləşməsi, bədənin bir tərəfində keylik və hissiyyatın azalması.
İnsultun yaranma ehtimalını artıran tibbi və həyat tərzi amilləri var. Ən önəmlilərindən yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, xüsusilə atrial fibrilasiya, keçirilmiş insult, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, stress, düzgün olmayan qidalanma, piylənmə və hərəkətsizliyi misal göstərmək olar. Risk faktorlarının idarə olunması insultun qarşısının alınmasında mühüm rol oynayır.

