İlkin Abuşova YÜKSƏK VƏZİFƏ VERİLDİ!

İlkin Abuşova

“Caspian Energy Club”ın İdarə Heyətinin qərarına əsasən İlkin Əlimövsüm oğlu Abuşov klubun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Yeni vəzifəsində İlkin Abuşov işğaldan azad olunmuş ərazilərdə dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində biznes mühitinin formalaşdırılması, sahibkarlığın təşviqi, yerli və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi, eləcə də regionun iqtisadi potensialının beynəlxalq platformalarda tanıdılması istiqamətində fəaliyyət göstərəcək.

“İlkin Abuşovun uzunillik sahibkarlıq təcrübəsi və biznes sahəsindəki fəaliyyəti “Caspian Energy Club”ın Qarabağ və Şərqi Zəngəzurda fəaliyyətinin gücləndirilməsinə, eləcə də bu regionların iqtisadi inkişafına dəyərli töhfə verəcək. Onunla formalaşmış səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirir, yeni vəzifəsində uğurlar arzulayıram. Qeyd etmək istərdim ki, “Caspian Energy Club” tərəfindən növbəti mərhələdə ölkənin bütün iqtisadi rayonları üzrə nümayəndəliklərin və regional nümayəndələrin təyin olunması nəzərdə tutulur”, - Telman Əliyev qeyd edib.

İlkin Abuşov 6 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsullarının texnologiyası” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetdə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb.

Peşəkar fəaliyyətinə 2004-cü ildə başlayan İlkin Abuşov 2004–2009-cu illərdə “İlkin-A” MMC-nin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən etibarən “AZTRADE” MMC-nin təsisçisidir. 2024-cü ilin noyabr ayından isə işğaldan azad olunmuş ərazilərdə - Xocalı şəhərində yaradılmış istehsalat müəssisəsi olan “ACCURATE AZ” MMC-nin təsisçisi və direktorudur.

Sahibkarlıq və iqtisadi inkişaf sahəsindəki səmərəli fəaliyyətinə görə İlkin Abuşov 27 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

“Mənə göstərilən bu yüksək etimada görə “Caspian Energy Club”a təşəkkür edirəm. Qarabağ və Şərqi Zəngəzur regionları ölkəmizin iqtisadi gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.

Əsas prioritetlərimizdən biri azad olunmuş ərazilərdə real biznes layihələrinin təşviqi, yerli istehsalın və ixrac potensialının artırılması, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar üçün vahid və effektiv əməkdaşlıq platformasının formalaşdırılması olacaq. Əminəm ki, bu istiqamətdə “Caspian Energy Club”ın mövcud geniş beynəlxalq əlaqələri və təcrübəsi mühüm rol oynayacaq. Qarşıdakı dövrdə dövlət qurumları, biznes dairələri və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək regionda dayanıqlı iqtisadi inkişafın dəstəyinə, yeni investisiya imkanlarının yaradılmasına və sahibkarlıq mühitinin gücləndirilməsinə töhfə vermək əsas hədəfimiz olacaq”, - İlkin Abuşov bildirib.

“Caspian Energy Club” İlkin Abuşovun Qarabağ və Şərqi Zəngəzur üzrə nümayəndəlik rəhbəri

kimi regionun dayanıqlı iqtisadi inkişafına, biznes ekosisteminin gücləndirilməsinə və dövlət-özəl sektor əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edir”, -Telman Əliyev əlavə edib.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid “Milli.Biz” ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. “Milli.Biz” ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid “Milli.Biz” ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. “Milli.Biz” ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.