Hacıqabulda «Chevrolet»in 5 modeli istehsal ediləcək

Hacıqabulda «Chevrolet»in 5 modeli istehsal ediləcək

Azərmaş CP” MMC-nin Hacıqabul şəhərindəki istehsalat xətti istehsalın inkişafının ikinci mərhələsi çərçivəsində – zavodda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker” və “Malibu” markalı avtomobillərin yığılmasına başlanılıb.

BusinessTime xəbər verir ki, istehsal bu ilin sentyabr ayından “Chevrolet Nexia” və “Cobalt” markalı avtomobillərin istehsal olunduğu “Azərmaş CP” zavodunun istehsal bazasında yaradılıb.

Bütün məhsullar "General Motors" (ABŞ) tərəfindən müəyyən edilmiş qlobal standartlara uyğun istehsal olunur. Bu istiqamətdə növbəti addımlar Azərbaycanda "Chevrolet" model portfelinin yeni perspektivli modellərlə doldurulması, eləcə də növbəti illərdə istehsalın mərhələli şəkildə artırılması olacaq: 2022-ci ilin sonuna qədər il ərzində ən azı 5 000 avtomobil istehsal gücünə çatması planlaşdırılır.

Xatırladaq ki, Bakı şəhəri yaxınlığında yerləşən Hacıqabul sənaye məhəlləsinə daxil olan “Azərmaş CP” “STA İNŞAAT” MMC (Azərbaycan) və “AVTOSANOAT İNVEST” MMC (Özbəkistan) tərəfindən təsis edilmiş birgə şirkətdir.

Layihənin həyata keçirilməsi tərəflər arasında 21 iyul 2021-ci il tarixli razılaşmalar sayəsində mümkün olub. 2019-cu ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşündə qardaş dövlətlər arasında münasibətlərin yeni səviyyəsi elan edilib.