Gənclər Fondunun maliyyə dəstəyi ilə “intervio.az” adlı innovativ layihə həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə “intervio.az” adlı innovativ layihə həyata keçirilib

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Rüfət Əliyevin rəhbərliyi altında “intervio.az” adlı innovativ layihə həyata keçirilib.

Layihə çərçivəsində süni intellekt əsaslı intervyu və CV təhlil platforması istifadəyə verilib.

"https://intervio.az" platforması əmək bazarında işaxtaranlara və HR mütəxəssislərinə innovativ imkanlar təqdim edir. Layihə çərçivəsində süni intellekt texnologiyaları vasitəsilə CV-lərin təhlili, müsahibə simulyasiyası və namizədlərin bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir.

Məlumat üçün bildirək ki, HR mütəxəssisləri üçün namizədlərin CV-lərini təhlil etmək və onların potensialını qiymətləndirmək çox vaxt aparır. Eyni zamanda, işaxtaranlar müsahibələrə hazırlaşarkən sahəyə uyğun suallar və peşəkar rəy əldə etməkdə çətinlik çəkirlər. Nəticədə, bir çox namizədlər müsahibələrdə potensiallarını tam göstərə bilmirlər.

Layihə rəhbəri Rüfət Əliyev bildirib ki, intervio.az platformasının əsas məqsədi süni intellektin imkanlarından istifadə etməklə işə qəbul prosesini asanlaşdırmaq, eyni zamanda işaxtaranlara real təcrübəyə yaxın müsahibə şəraiti yaratmaqdır.

Onun sözlərinə görə, sistem CV-ləri təhlil edərək zəif tərəfləri müəyyənləşdirir, simulyasiya edilmiş müsahibələr zamanı isə istifadəçilərin ünsiyyət bacarıqları, bədən dili və cavab strukturu barədə ətraflı rəy təqdim edir. Bundan əlavə, platforma istifadəçilərə sahələrinə uyğun spesifik suallarla müsahibə təcrübəsi keçməyə imkan yaradır.

Bu yenilik HR mütəxəssisləri üçün seçim prosesini sürətləndirir, eyni zamanda namizədlərin müsahibələrə daha yaxşı hazırlaşmasına kömək edir.