Gənclər Fondunun maliyyə dəstəyi ilə "Agrobirja.az" platforması istifadəyə verilib
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Əminə Fərzəliyevanın rəhbərliyi altında “agrobirja.az” adlı innovativ layihə həyata keçirilib.
Layihə çərçivəsində agrobirja.az platforması istifadəyə verilib.
“https://agrobirja.az” aqrar sahə üçün nəzərdə tutulan xüsusi birja platformasıdır. Layihənin əsas məqsədi ölkənin strateji kənd təsərrüfatı məhsulları üzrə satıcılar və alıcılar arasında şəffaf, səmərəli və standartlara uyğun bir bazar yaratmaqdır.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, fermerlər və ticarət şirkətləri platforma üzərindən məhsullarını satışa çıxara, qiymətləri müqayisə edə və ən uyğun təklifləri seçə biləcəklər. Bu, həm məhsulun keyfiyyətinə, həm də qiymətlərin ədalətli formalaşmasına mühüm töhfə verəcək.
Layihə rəhbəri Əminə Fərzəliyeva bildirib ki, AgroBirja platformasının yaradılması aqrar bazarda rəqabətin inkişafına, məhsul dövriyyəsinin artmasına və regionlarda kənd təsərrüfatı istehsalının stimullaşdırılmasına xidmət edir.
Bununla yanaşı, istifadəçilərə kənd təsərrüfatı məhsulları barədə məlumatları vahid platformada əldə etmək, bazar dinamikasını izləmək və ticarət əməliyyatlarını onlayn həyata keçirmək imkanı təqdim olunur.


