Azərbaycanda mənzil tikintisinə sərmayələr 26%-dən çox artıb

Azərbaycanda mənzil tikintisinə sərmayələr

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,644 milyard manat sərf olunub.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,1% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 24,6%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 2,467 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin ilk 10 ayındakı göstəriciyə nəzərən 26,3% artım deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 16,6%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6 faiz artıb.

Ümumi sərmayənin 7,500 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 4,863 milyard manatı (32,8 faizi) xidmət sahələrinin, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 50,8 faizi dövlət, 49,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.