Azərbaycan ilə Latviya arasında münasibətlər qarşılıqlı hörmət
Latviya Prezidenti Edqars Rinkeviçsin bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı iki ölkə prezidenti tərəfindən səsləndirilən fikirlərə, razılaşdırılan məsələlərə nəzər yetirsək gələcək üçün böyük ümüdlər olduğunu aydın görə bilərik. Bu baxımdan tərəflər arasında əməkdaşlığın inkişafı baxımından nəzərdən keçirilən mühüm istiqamətlərdən biri də birbaşa uçuşların təşkili məsələsidir.
Qeyd edilən sahə həm iqtisadi, həm də humanitar əlaqələrin genişləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev vurğulamışdır ki, birbaşa hava əlaqələrinin yaradılması ölkələr arasında məsafəni yalnız coğrafi deyil, həm də iqtisadi və sosial baxımdan daha da yaxınlaşdırır. Məlum olduğu kimi hazırkı dövr qlobal aviasiya sektorunda müəyyən çətinliklərlə müşayiət olunur. Xüsusilə bəzi marşrutlarda fasilələrin yaranması, logistika zəncirlərində pozulmalar və bəzi hava şirkətləri üçün aviayanacağın çatışmazlığı kimi hallar müşahidə edilir. Bununla belə, Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Hava Yolları bu kimi çətinliklərdən təsirlənmir və stabil fəaliyyət göstərir. Bu isə Azərbaycan üçün əlavə üstünlük yaradır və yeni uçuş istiqamətlərinin açılması baxımından real imkanlar formalaşdırır. Məhz bu şərait birbaşa uçuşların təşkili üçün yeni fürsət kimi qiymətləndirilməlidir. Bu addım həm turizmin inkişafına, həm işgüzar səfərlərin artmasına, həm də ümumilikdə insanlar arasında əlaqələrin intensivləşməsinə mühüm töhfə verə bilər. Əlbəttə ki, hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi iqtisadi münasibətlərin dərinləşməsinə də xidmət edəcəkdir. Möhtərəm Prezident insanlar arasında təmasların əhəmiyyətinə xüsusi diqqət yetirmişdir. O bildirmişdir ki, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yalnız rəsmi səviyyədə deyil, məhz insanlararası əlaqələr vasitəsilə mümkün olur. Bu baxımdan təhsil sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir. Ölkə başçısı qeyd etmişdir ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması sevindirici haldır.
Bu, iki ölkə arasında humanitar körpünün formalaşdığını və gələcək nəsillərin bu münasibətlərin inkişafında mühüm rol oynayacağını göstərir. Şübhəsiz həmin tələbələr Latviyada yüksək səviyyəli təhsil almaqla yanaşı, eyni zamanda bu ölkənin cəmiyyətini, mədəniyyətini və dəyərlərini yaxından tanımaq imkanı əldə edirlər. Prezident İlham Əliyev öz çoxsaylı səfərlərini xatırlayaraq qeyd etmişdir ki, Latviyanın inkişaf yolu və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilməlidir.
Bu baxımdan o, həmkarı Edqars Rinkeviçsə və Latviya xalqına ölkənin sosial-iqtisadi inkişafında qazandıqları uğurlar münasibətilə təbriklərini çatdırmışdır. Bəli, nəqliyyat, təhsil və insanlararası əlaqələrin inkişafı Azərbaycan ilə Latviya arasında münasibətlərin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və uzunmüddətli tərəfdaşlığın təmin olunmasına xidmət edəcəkdir.
Mətanət Quliyeva
Neftçala rayonu


