ABŞ-də ölümcül parazit yayılır: Alimlər həyəcan təbili çalırlar

ABŞ-də ölümcül parazit yayılır:

ABŞ-də "Echinococcus multilocularis" adlı təhlükəli lent qurdu sürətlə yayılmağa başlayıb.

Bu barədə "Daily Mail" məlumat dərc edib.

Məlumata görə, parazitin əsas daşıyıcıları koyotlar, tülkülər və digər itkimilərdir. İnsanlar parazitə çirklənmiş su və qida vasitəsilə yoluxa bilərlər.

Yoluxma orqanizmdə alveolyar exinokokkoza səbəb olur. Bu zaman qaraciyərdə və digər orqanlarda illərlə inkişaf edən, xərçəngə bənzər kistalar formalaşır. Xəstəliyin əsas simptomlarına qarnın yuxarı hissəsində (xüsusilə sağ tərəfdə) ağrılar, halsızlıq, həmçinin dəridə və gözlərdə saralma daxildir.

Xəstəliyin ən təhlükəli tərəfi onun gizli gedişatıdır. Belə ki, ciddi simptomların üzə çıxması üçün 15 ilə qədər vaxt tələb oluna bilər. Bu isə erkən diaqnozu olduqca çətinləşdirir. Vaxtında müalicə edilmədikdə isə xəstəlik ölümlə nəticələnə bilər.

Hazırda "Echinococcus multilocularis" qurdlarına ən çox Ayova, Dakota, Minnesota və Nebraska ştatlarında rast gəlinir. Parazit artıq Vermont, Nyu-York və Pensilvaniya ştatlarında da aşkarlanıb.

Merilend Universitetinin Tibb Məktəbindən doktor Ömər Avanın sözlərinə görə, parazitin yayılmasına urbanizasiya, meşələrin qırılması və iqlim dəyişikliyi səbəb olur. Bu amillər lent qurdlarını daşıyan heyvanları yaşayış məntəqələrinə və şəhər mərkəzlərinə daha çox yaxınlaşmağa məcbur edir. (oxu.az)