“Zərifliyin qüdrət nümunəsi Zərifə Əliyeva”

“Zərifliyin qüdrət nümunəsi Zərifə Əliyeva”

Akademik Zərifə Əliyeva haqqında danışdıqda Azərbaycan xanımını xarakterizə edən  qüdrətli bir qadın obrazı canlanır göz önündə. Onun ömür yoluna nəzər saldıqca, mü asir Azərbaycan qadınına xas keyfiyyətləri əks etdirən yüksək simanı tanımış oluruq.

Təbiət sanki, insanın uğurlu bir həyat üçün çabaladığı,  arzuladığı, bütün özəllikləri ondan əsirgəməmiş, lütf ilə onun ömür yoluna sərmişdi. Gözəl ailə başçısı, son  dərəcə qayğıkeş ana, peşəkar ixtisas sahibi, dünya şöhrətli  alim, cəmiyyətdəki mövqeyi və uğurlu fəaliyyəti ilə sözün əsl mənasında böyük şəxsiyyət idi Zərifə xanım. Bəli, bir insanda cəmləşmiş bütün bu keyfiyyətlərin sahibi hər zaman sevilməyə və ehtirama layiqdir. Həm sağlığında, həm də özündən sonra qazandığı sevgini isə təbiətindən doğan mərhəmət, şəfqət, həyatını həsr etdiyi ixtisası, ziyalı mövqeyi və yüksək fəaliyyəti sayəsində əldə etmişdi.

Cəmiyyətin hər zaman inandığı belə bir fikir vardır,  qüdrətli liderlərin, dahi kişilərin  arxasında böyük iradi qüvvəyə malik qadınlar dayanır. Onlar məhz belə qadınlara arxalanaraq tarix yazır, böyük imzaların sahibinə, zamanın fövqündə duran şəxsiyyətlərə çevrilirlər. Xalqımızın böyük oğlu, dahi şəxsiyyət, Azərbaycanımızın qurucusu Ulu Öndər Heydər Əliyev kimi insanın kölgəsində də məhz Zərifə Əliyeva kimi qüdrətli bir sima dura bilərdi. Heydər Əliyev həyat sirdaşını, ömür-gün yoldaşını hər zaman belə xatırlamışdır: “Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi”, “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur.Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur”. Son dərəcə zəhmətsevər insan Zərifə Əliyeva ömrünün axırına qədər övladlarının yolunu aydınladan işıq, özündən sonra elmin inkişafına xidmət göstərəcək tələbələrinə yol göstərən əbədi bir mayak oldu. Ananın ən böyük bəxtəvərlik nəsibidir övladlarının xeyir əməllər sahibi olması, xalq tərəfindən sevilməsi, millət yolunda yüksək xidmətləri ilə tanınması. Bir pedaqoq üçünsə tələbələrinin nailiyyətləri, qazandığı ən böyük uğurlar onun ucalığı deməkdir.

Bütün bu arzulanan səadətə, insan amalının ən yüksək dəyərlərinə sahib idi Zərifə Əliyeva. Lakin onun həyat amalını bununla nəhayətləndirmək əlbəttə ki, kifayət etməz. Azərbaycan Respubliasının Müzəffər Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır”. Bəli, Azərbaycan məhz bu elitanın-dünya şöhrətli alimlərimiz, ölkənin inkişafında böyük rol oynayan ziyalılarımız sayəsində tanınır, inkişaf edir, gələcək tərəqqiyə doğru irəliləyir. Bu tərəqqinin xidmətkarlarından biri olan Zərifə Əliyeva zəkası, şəfqəti ilə sözün əsl mənasında nur bəxş edən alimlərimizdəndir. Görkəmli oftalmoloq-alim, bu sahənin inkişafı yolunun bənzərsiz izçilərindən biri olmuşdur. Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi, ömrünün sonunadək xalqın xidmətində olmuşdur. Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva tibb elminə bəxş etdiyi töhfələri, istedadlı alim, həm ziyalı, həm də fəal ictimai xadim olaraq bu müqəddəs ocaqdan gələn ənənəni, vətəninə, millətinə sevgisindən doğan böyük fəaliyyətləri ilə davam etdirmişdir.

Göz insan əzasının ən incə, ən həssas orqanlarındandır. İnsanların həyatını nurlandıran, gələcəyə işıq bəxş edən, elmimizi günəş tək parladan məhz xeyirxahlıq təcəssümlü Zərifə xanım kimi yüksək mənəviyyat sahiblərindən biri ola bilərdi. Onun əvəzsiz tədqiqatları bu gün də tibb elminin böyük nailiyyətlərindən sayılır. Ziyalılarımıza, alimlərimizə hər zaman dəyər verən Ölkə başçısı İlham Əliyev demişdir: “Akademik Zərifə xanım Əliyeva Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”. Son dərəcə sadə, təvazökar, lakin bir o qədər də inadkarlığı, qətiyyəti və böyük zəhmətsevərliyi sayəsində dünya şöhrəti qazanmış Akademik Zərifə Əliyeva tibb sahəsindəki yenilikləri ilə də tanınır. 1 ixtira, 12 səmərələşdirici təklifin, bir sıra dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan alim, oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə bu sahənin ən yüksək dərəcəsinə, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur.

Akademik Zərifə Əliyeva millətin gələcəyini düşünən, onun taleyinə biganə olmayan vətənsevər alim idi. Onun peşəkarlığı və fəaliyyəti tibb sahəsinin bütün mütəxəssisləri üçün hər zaman  böyük nümunə, örnəkdir. Bütün çətinliklərə rəğmən, ölkənin şəhər və rayonlarını bir-bir gəzib, göz xəstəliyinin yaranma səbəblərini araşdırmış alim,  o zaman üçün çox təhlükəli olan, əsasən uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaq məqsədilə səylə çalışmış,xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlərin təşkilinin  həyata keçirilməsində xüsusi xidmətləri ilə seçilmişdir. Xalqımızın  aydınlarından biri olan Zərifə Əliyevanın xatirəsi hər zaman ehtiramla yad olunur. Onun Azərbaycan eliminin inkişafındakı xidmətləri, böyük fəaliyyəti, gözəl insani keyfiyyətləri əks olunan  xoş xatirələri  yaddaşlarda qalacaq, bu günümüz və gələcək nəsillər üçün örnək olacaqdır.

Nəzakət Quluqızı;
Neftçala rayon sakini, ictimai fəal