Zəfər parkı tarixi Qələbənin simvoludur! - RƏY

Zəfər parkı tarixi Qələbənin simvoludur!

Dövlətçilik tariximizə 44 günlük Vətən Müharibəsi kimi daxil olmuş və şanlı Zəfərimizlə yekunlaşmış dörd il öncəki həmin günlər bu gün də böyük qürur hissi ilə, həm yaşayır, həm də xatırlayırıq. Otuz ilə yaın müddətdə işğal altında qalmış tarixi, hüquqi torpaqlarımızın mənfur düşməndən azad edilməsi ilə yekunlaşan Zəfər marafonu özündən sonra regional proseslərə də böyük təsir etdi.

Qələbəni təmin edən əməliyyatları dərindən analiz edərkən, göz önünə mükəmməl səhnələr gəlir. Belə ki, on illiklər ərzində əzəli torpaqlarımızda qanunsuz möhkəmlənməyə çalışan, orada güya keçilməz “Ohanyan səddi” quran mənfur düşmən torpaqlarımızı sülh yolu ilə, müharibəsiz qaytarmaq niyyətində olmadığınıtəkcə bu faktla nümayiş etdirmişdi. Ermənistan danışıqlar masasında da açıq nümayiş etdirirdi ki, bu torpaqlardan elə-belə getmək niyyətində deyillər. Rəsmi İrəvan hətta beynəlxalq hüququn bütün normalarını açıq-aşkar pozmaqla, yeni-yeni ərazilər işğal etmək niyyətini açıq-aydın nümayiş etdirirdi. Son ana qədər beynəlxalq hüquqa hörmətlə yanaşan, məsələnin qan tökülmədən həllinin tərəfdarı olduğunu nümayiş etdirən Azərbaycan paralel olaraq hərbi qüdrətini durmadan artırır, ordunu ən müasir silahlarla gücləndirir, zamanı gələrsə müharibə edəcəyini də açıq bildirirdi.

Bəli, həyata keçirilən düzgün siyasət, gələcəyə hesablanmış ağıllı, düşünülmüş strategiya tarixi Zəfərimizi şərtləndirdi. Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə böyük uğurlar əldə edilməsi, 2003-cü ildən başlayaraq həyata keçirilən iqtisadi siyasət nəticəsində güclü iqtisadiyyatın formalaşdırılması, müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Ordunun yaradılması tarixi Zəfərimizə yol açdı. 44 günlük Vətən Müharibəsi ilə bağlı bir sıra detallara nəzər saldıqda Şanlı Ordumuzun haradasa mümkünsüz olanı bacardığının şahidi oluruq. Şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri tariximizə, soyumuza uyğun, qəhrəmanlıq, igidlik, şücaət nümayiş etdirdi. Dünyada nüfüzu ilə seçilən hərbi ekspertlərin də etiraf etdiyi kimi müasir dövrdə bu tipli müharibələri ancaq Azərbaycan kimi güclü dövlətlər apara bilər. Bu faktdır ki, lokal xarakterli döyüşlərdə heç bir hərbi texnika köməyə çatmır.

Bu mənada “Şuşa əməliyyatı” bir dərslik, bir dastandır. Onun hər bir detalı illərlə öyrənilməlidir. Bu unikal əməliyyatda iştirak edən hər bir döyüşçü əsl mübarizlik nümayiş etdirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 8 Noyabr Zəfər Günündə paytaxt Bakıda möhtəşəm Zəfər parkının açılışındakı çıxışında tarixi Qələbəyə bir daha layiq olduğu qiyməti verdi. Azərbaycan əsgərinin nələrə qadir olduğunu bir daha dünyaya nümayiş etdirən Ölkə başçısı Ermənistanla yanaşı bəzi xarici dairələrə mühüm mesaj verdi.

Baloğlan Ağamalıyev;
Neftçala rayonu, Şəhid atası