Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıb

Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıb

Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində aşağı ətraf venalarının varikoz xəstəliyinin (venaların genişlənməsi) müasir üsulla – lazer texnologiyası vasitəsilə müalicəsinə başlanılıb.
 
Belə ki, ayaqlarda ağrı və şişkinlik şikayətləri ilə müraciət edən, 1989-cu il təvəllüdlü pasiyentdə bud və baldır nahiyəsində varikoz genişlənməsi diaqnozu müəyyən edilib. Xəstəyə sol tərəfli endovenoz lazer ablasiya (EVLA) və miniflebektomiya əməliyyatı icra olunub.
 
Prosedur Yeni Klinikanın ürək-damar cərrahı Fariz İsayev tərəfindən uğurla həyata keçirilib. Müalicə zamanı damar cərrahiyyəsində geniş tətbiq olunan müasir lazer texnologiyasından istifadə edilib.
 
Qeyd edək ki, lazer texnologiyası minimal invaziv (kəsiksiz) cərrahiyyə üsulu olmaqla flebologiya sahəsində varikoz damarlarının EVLA (Endovenoz Lazer Ablasiyası) metodu ilə müalicəsində effektiv nəticələr verir.
 
Məlumat üçün bildirək ki, lazer üsulu ilə varikoz müalicəsinin əsas üstünlükləri kəsiksiz və tikişsiz icra olunması, az ağrı və minimal qan itkisi, sürətli bərpa dövrü, eləcə də ambulator şəraitdə həyata keçirilməsidir.
 
Belə ki, əməliyyat minimal invaziv xarakter daşıdığı üçün dəridə hər hansı iz qalmır, ənənəvi cərrahi üsullarla müqayisədə pasiyent üçün daha komfortlu hesab olunur. 
 
Pasiyentlər əksər hallarda elə həmin gün və ya 1–2 gün ərzində normal həyat tərzinə qayıda bilir, prosedur zamanı isə xəstəxanada yatmağa ehtiyac yaranmır.

Yeni Klinika müasir tibbi texnologiyalardan istifadə etməklə pasiyentlərə təhlükəsiz, effektiv və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığını təmin etməyi davam etdirir.