Vəkillər Kollegiyası və “PAŞA Holding” arasında memorandum imzalanıb

Vəkillər Kollegiyası və “PAŞA Holding” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) ilə “PAŞA Holding” arasında "LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimi VK-nın Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə tədbirində baş tutub.

Sənəd hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsinin qarşılıqlı əlaqələndirilməsi, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkili və həyata keçirilməsi, müxtəlif qanunvericilik sahələri üzrə informasiya mübadiləsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Tədbirdə çıxış edən “PAŞA Holding”in Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova Kollegiya ilə əməkdaşlığa dair memorandumun imzalanmasını çox müsbət qiymətləndirərək bunun hüquq sahəsində institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu cür əməkdaşlıq hüquq sahəsində müasir yanaşmaların tətbiqinə, peşəkar hüquqi mühitin inkişafına və hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.