Ulu Öndərin siyasi kursu əsasında ölkə sürətlə inkişaf edir - Aslan Abbaszadə

Ulu Öndərin siyasi kursu əsasında ölkə sürətlə inkişaf edir

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.

Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salsaq ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil  milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir.
 
Azərbaycan tarixinin taleyüklü mərhələlərində xalqını böhranlardan çıxararaq sabitlik və inkişaf yoluna yönəltmiş dahi şəxsiyyətlərdən biri ümummilli lider Heydər Əliyev olmuşdur. Onun fəaliyyəti yalnız bir siyasi liderin deyil, həm də Azərbaycan xalqının dövlətçilik düşüncəsini formalaşdıran böyük bir şəxsiyyətin fəaliyyətidir. Heydər Əliyevin Azərbaycan dövlətinə, xalqına göstərdiyi xidmətlər çoxşaxəlidir və ölkəmizin müasir inkişaf modelinin əsasını təşkil edir.
 
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsinin müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyev demokratik hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır.
 
Bu gün müasir, qüdrətli Azərbaycan dövlətinin möhkəm təməli Heydər Əliyevin yaratdığı konsepsiyaya əsaslanır. Onun siyasi kursu əsasında ölkə sürətlə inkişaf edir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu yol Azərbaycanın gələcəyini təmin edən strateji xəttdir.

Aslan Abbaszadə
Faktor.az xəbər portalının
Təsisçisi və Baş Redaktoru