Türkiyə təcrübəsi mütəmadi olaraq nəzərdən keçirilir
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi Qurumunun rəhbəri Bekir Aktürkün başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin iki ölkə rəhbərlərinin birgə səyləri nəticəsində bütün sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq daim genişlənməkdədir.
Müzakirələr zamanı əmək qanunvericiliyində inzibati icraatla bağlı dəyişikliklərin hazırlanması prosesində qabaqcıl beynəlxalq təcrübə, o cümlədən Türkiyə təcrübəsi mütəmadi olaraq nəzərdən keçirilir. Həmçinin Türkiyə tərəfindən Azərbaydanda əmək münasibətlərinin rəqəmsallaşdırılması və əmək qanunvericiliyinə riayət olunmasına dair həyata keçirilən islahatlar müsbət qiymətləndirilib.
Bununla yanaşı, Azərbaycanda əmək münasibətlərinin rəqəmsallaşdırılması və elektron nəzarət istiqamətində həyata keçirilən islahatların müsbət nəticələri vurğulanıb. “Əmək və Məşğulluq” altsistemi vasitəsilə əmək müqavilələrinin elektron qaydada bağlanması və dəyişdirilməsi, əmrlərin rəqəmsallaşdırılması, işçilərlə işəgötürənlər arasında rəsmi yazışmaların elektron kabinetlər vasitəsilə həyata keçirilməsi və digər bu kimi funksionallıqların iş proseslərinin daha şəffaf və səmərəli təşkilinə də imkan yaratdığı diqqətə çatdırılıb. Bu təcrübənin Türkiyə ilə bölüşdürülməsi və əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi isə hər iki tərəf üçün faydalı addım kimi qiymətləndirilib.
Tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi, mövcud əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu əməkdaşlıq hər iki ölkənin əmək münasibətlərinin təkmilləşdirilməsinə, işçilərin hüquqlarının daha səmərəli müdafiəsinə və istehsalatda təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcək.

