Sığorta şirkətləri ödənilən pulu hansı hallarda geri tələb edir?
Ötən il 7 sığorta şirkəti üzrə subroqasiya gəlirləri qeydə alınıb. Açıqlanan göstəricilərə əsasən, 3 şirkətdə bu istiqamətdə azalma, 4 şirkətdə isə artım müşahidə olunub.
Maraqlıdır, sığorta şirkətləri hansı hallarda subroqasiya hüququndan istifadə edir və ödənilən vəsait nə zaman qarşı tərəfdən geri tələb olunur?
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Valyuta.az-a bildirib ki, subroqasiya ümumi mənada başqasının zərərini ödəyən şəxsin, həmin zərərə görə məsuliyyət daşıyan tərəfə qarşı hüquqlar əldə etməsidir: "Sadə desək, sığorta şirkəti müştərinin zərərini ödədikdən sonra məsul şəxsdən həmin məbləği geri tələb edə bilər".
E.Ağabağırov bildirir ki, “İcbari sığortalar haqqında” qanunun 25-ci maddəsinə əsasən, subroqasiya hüququ aşağıdakı hallarda yaranır:
-hadisə qəsdən və qanunazidd şəkildə törədildikdə;
- əmlak alkoqol, narkotik və ya digər təsiredici maddələrin təsiri altında idarə və ya istifadə edildikdə;
- bununla bağlı müayinədən boyun qaçırıldıqda;
- əmlak onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istifadə edildikdə;
- əmlak texniki təyinatına uyğun olmayan məqsədlə istifadə edildikdə;
- zərərin qarşısını almaq və ya azaltmaq üçün mümkün tədbirlər qəsdən görülmədikdə;
- fəaliyyət növünü tənzimləyən qanunvericiliyin tələbləri qəsdən pozulduqda;
- sığorta riskinin dəyişməsi barədə məlumat gizlədildikdə və ya yanlış məlumat verildikdə.
Ekspertin sözlərinə görə, bu mexanizm sığorta sistemində ədalətli və qanunauyğun yanaşmanı təmin edən əsas vasitələrdən biridir: "Subroqasiya həm məsul tərəfin cavabdehliyini artırır, həm də sığorta bazarında intizam yaradır".


