Sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib

Sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli 25 aprel Sərəncamı ilə ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə 1 nəfər “Dostluq” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Dövlətimizin başçısının bu Sərəncamı ölkəmizdə sahibkarlıq fəaliyyətinə, sahibkarlara verilən dəstəyin, göstərilən diqqət və qayğının təcəssümüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova söyləyib.

QHT sədri bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis edilməsi ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusilə də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

A.Bağırova ölkəmizdə sahibkarlıq fəaliyyətinin qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycanın neft ölkəsi olduğunu, hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarların yetişdiyini qeyd edən QHT sədri vurğulayıb ki, Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

“Dövlətimizin hər zaman sahibkarların yanında olduğunu bəyan edən Prezident İlham Əliyev Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi diqqət ayırır, bunun üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək vermələrini tapşırıb. Dövlətimizin başçısı sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.

Dövlətimizin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, dünya ölkələrinin bir neçəsində Azərbaycanın ticarət evləri yaradılır, “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıb”, - deyə QHT sədri vurğulayıb.

Sahibkarlıq sahəsində Strateji Yol xəritələrinin müəyyənləşdirilməsi ilə uğurların da gəldiyini qeyd edən A.Bağırova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi təsdiq olunub. Həmin sektorlara neft və qaz sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlər aiddir.

QHT sədri diqqətə çatdırıb ki, həmin sənədlərdən biri olan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə kiçik və orta sahibkarlığın (KOS) vəziyyəti təhlil edilir, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilir. Həmin yol xəritəsində 2020-ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün 5 strateji hədəf müəyyən edilib. Bu strateji hədəflərə KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, onların beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması və s. aiddir. Hər bir hədəf üçün prioritetlər, onların əsaslandırılması, həmçinin həyata keçirilməsini təmin etmək məqsədi ilə görüləcək tədbirlər ehtiva olunub. Strateji hədəflərə nail olunmasını təmin edəcək tədbirlər planı da təsdiqlənib.