NFC Ödənişlər Nə Qədər Təhlükəsizdir? – Ekspertdən Açıqlama
Son dövrlərdə NFC texnologiyası vasitəsilə həyata keçirilən təmassız ödənişlər sürət və rahatlıq baxımından geniş yayılaraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Kartı və ya telefonu POS-terminala yaxınlaşdırmaqla saniyələr içində ödəniş etmək mümkün olsa da, bu texnologiyanın təhlükəsizliyi və mümkün kiber risklər istifadəçilər üçün aktual müzakirə mövzusu olaraq qalır.
Bəs NFC ilə təmassız ödənişlər nə dərəcədə təhlükəsizdir və istifadəçilər hansı kiber risklərlə üzləşə bilər?
Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, NFC ilə təmassız ödənişlər tokenizasiya və biometrik təsdiq sayəsində ənənəvi kart ödənişlərindən daha təhlükəsiz hesab olunur:
“NFC texnologiyası ilə həyata keçirilən təmassız ödənişlər, əslində, ənənəvi plastik kartlarla aparılan ödənişlərdən daha təhlükəsiz hesab olunur. Bunun əsas səbəbi tokenizasiya sistemidir; ödəniş zamanı kartın real məlumatları deyil, birdəfəlik şifrələnmiş kodlar (tokenlər) ötürülür. Hətta kimsə bu ötürülən məlumatı ələ keçirsə belə, həmin kod növbəti əməliyyat üçün tamamilə yararsız olur. Bundan əlavə, smartfonlarda ödənişi təsdiqləmək üçün biometrik göstəricilərin (barmaq izi, Face ID) tələb olunması təhlükəsizliyin daha bir güclü qatını təşkil edir”.
Mütəxəssis qeyd edir ki, NFC ödənişlərdə əsas risklər skimming və zərərli proqramlar olsa da, təhlükəsizlik qaydalarına əməl etməklə bu riskləri minimuma endirmək mümkündür:
“Buna baxmayaraq, istifadəçilər bəzi spesifik kiber risklərlə üzləşə bilərlər. Məsələn, “NFC skimming” adlanan üsulla cinayətkarlar xüsusi oxuyucu cihazlarla ictimai nəqliyyatda və ya izdihamlı yerlərdə yaxın məsafədən kart məlumatlarını oxumağa cəhd edə bilərlər. Digər bir risk isə cihazın özünə yoluxan zərərli proqramlardır ki, bunlar telefonun idarəetməsini ələ keçirərək təsdiq mexanizmlərini dövrədən çıxara bilər. Bu riskləri minimuma endirmək üçün telefonun əməliyyat sistemini daim yeniləmək, şübhəli proqramlardan qaçmaq və bank tətbiqlərində ödəniş limitləri təyin etmək ən effektiv qabaqlayıcı tədbirlərdir”.


