Minsk qrupunun tarixə qovuşması artıq an məsələsidir - ŞƏRH
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi baxımdan bərpa etdi. Ardınca Ermənistan da beynəlxalq səviyyədə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmi şəkildə qəbul etdi və münaqişənin başa çatdığını bəyan etdi. Hərçənd ki, müharibədən əvvəl Müzəffər Prezidentimiz, Qələbənin memarı cənab İlham Əliyev bütün beynəlxalq kürsülərdən düşmənə və onun havadarlarına zaman-zaman səsləndi.
Azərbycanın müharibə istəmədiyini, problemin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etdi. Hər birimiz yaxşı bilirik ki, münaqişənin dinc yolla həll olunması üçün ATƏT - in Minsk qrupu adlı təsisat da yaradılmışdı. Lakin bu təsisatın fəaliyyəti, belə demək olar ki, fəaliyyətsizliyi problemin həll edilməsinə deyil, uzadılmasına, unudulmasına yönəlmişdi. Görünən o idi ki, dünyanın siyasi və iqtisadi cəhətdən aparıcı ölkələri Ermənistana təzyiq göstərmək əvəzinə, problemin həll edilməsində qətiyyən maraqlı deyildilər. Ermənistanın bütün dövrlərdəki siyasi rəhbərliyi isə işğalçı ölkə olduğunu, sülh prosesinə əks mövqedə qaldığını açıq şəkildə nümayiş etdirir, hüquqi torpaqlarımızın geri qaytarılması üçün nəinki addım atmır, əksinə daha böyük xülyalara qapılaraq, yeni-yeni ərazilər işğal etmək kimi çirkin niyyətlərini açıq bəyan edirdilər.
Məhz belə bir vəziyyətdə Azərbaycan sülh proqramı ilə yanaşı müharibəyə də hazırlaşdığını, Ordunun ən müasir silahlarla silahlanması, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər görüldüyünü açıq şəkildə bildirirdi. Bu da faktdır ki, tarixi Zəfəri əldə etmək, ədaləti bərpa etmək bizə asanlıqla başa gəlmədi. Bu gün Azərbaycanın özünün hərbi-siyasi yolla yaratdığı reallıqlar fonunda Minsk qrupunun hüquqi və siyasi mövcudluğunun davam etməsi absurda çevrilib. Möhtərəm Prezident cənab İlham Əliyev bu günlərdə nüfuzlu Əl-Ərəbiyyə telekanalına müsahibə verərək, Minsk qrupunun taleyinə aydınlıq gətirdi. Ölkə başçısı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda, eləcə də və münaqişənin artıq olmadığını qəbul etdiyi vəziyyətdə bu qurumun nə məqsədlə mövcudluğunu davam etdirməsinin sual doğurduğunu və bunun post-müharibə dövründə sülhə qarşı açıq təhlükə olduğunu vurğuladı.
Bu mənada hər, həm Azərbaycanın, həm də Ermənistanın Uzaqgörənlik və strateji yanaşma nümayiş etdirərək, Minsk qrupunun ləğv olunması barədə ATƏT-ə rəsmi məktub göndərməsi tarixi əhəmiyyət kəsb edir. Bəli, əminliklə demək olar ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış razılaşma regiona davamlı sabitlik, inkişaf və sülh gətirəcəkdir.
Ataş Əsədov
Neftçala rayonu

