"Meta" 600-ə yaxın süni intellekt tərtibatçısını işdən çıxaracaq

"Meta" 600-ə yaxın süni intellekt tərtibatçısını işdən çıxaracaq

"Meta" süni intellekt (Al) layihələrində iştirak edən təxminən 600 işçini işdən çıxarmağı planlaşdırır. 

Valyuta.az xəbər verir ki, "Axios"un daxili yazışmalara istinadən bildirdiyinə görə, bu tədbir şirkətin Al inkişafına qoyduğu genişmiqyaslı sərmayələr fonunda bürokrasiyanı azaltmaq və daxili proseslərdə çevikliyi artırmaq məqsədi daşıyır.

Mənbələrin məlumatına görə, işdən çıxarılmalar Al infrastrukturu, fundamental tədqiqatlar və tətbiqi məhsullar üzərində işləyən mütəxəssislərə təsir edəcək. Eyni zamanda, "Meta" işçilərin bir hissəsini korporasiya daxilində digər vəzifələrə keçirməyi planlaşdırır. Şirkət nümayəndəsi CNBC-ə verdiyi şərhdə optimallaşdırma ilə bağlı məlumatı təsdiqləyib.

Eyni zamanda "Meta" strateji cəhətdən vacib istiqamətlərdə iştirakını genişləndirməyə davam edir. "Superintellekt" sistemlərinin işlənib hazırlanması ilə məşğul olan yeni TBD Lab bölməsində kadrların işə qəbulu davam edir. Bu barədə "The Verge" yazıb.

Son illərdə "Meta" Al seqmentinə milyardlarla dollar sərmayə qoyub. Xüsusilə, 2025-ci ilin yayında şirkət "Scale AI" startapına 14,3 milyard dollar yatırıb, bundan sonra onun həmtəsisçisi və baş icraçı direktoru Aleksandr Van "Meta"da Al üzrə direktor təyin edilib.