Mərkəzi banklar artan geosiyasi risklər fonunda qızıl ehtiyatlarını öz ölkələrinə geri qaytarır
Mərkəzi banklar Nyu-York və London anbarlarında saxlanılan qızıl ehtiyatlarını daha fəal şəkildə ölkələrinə qaytarmağa başlayıblar. Ümudünya Qızıl Şurası (WGC) tərəfindən aparılan sorğunun nəticələrinə görə, respondent mərkəzi bankların 9%-i son 12 ay ərzində qızılın ölkə daxilində saxlanma həcmini artırdıqlarını bildirib. Ötən il bu göstərici cəmi 5% idi. Bundan əlavə, sorğuda iştirak edən mərkəzi bankların 10%-i xaricdəki qızıl anbarlarını şaxələndirdiklərini qeyd edib. Bir il əvvəl belə addım atanların payı cəmi 2% olmuşdu.
Hazırda ən böyük qızıl ehtiyatı anbarları Nyu-Yorkda — Nyu-York Ehtiyat Bankının nəzdində (500 mindən çox qızıl külçəsi, təxminən 900 milyard dollar dəyərində) və Londonda — İngiltərə Bankının anbarlarında (təxminən 400 min qızıl külçəsi, 800 milyard dollar dəyərində) yerləşir.
ÜQŞ qeyd edir ki, “bu tendensiyanın davam edəcəyi ehtimal olunur”. Sorğu iştirakçılarının 7%-i gələn il ölkə daxilində saxlanılan qızıl ehtiyatlarını artırmağı, 9%-i isə xaricdəki qızıl anbarlarını daha da şaxələndirməyi planlaşdırır.
ÜQŞ mərkəzi bankların qızıl ehtiyatlarını öz ölkələrinə qaytarmaq istəyinin konkret səbəblərini açıqlamır. Bununla belə, mərkəzi bankların qızıl ehtiyatlarını saxlamaq və ya artırmaq qərarına təsir edən amillər arasında respondentlərin 85%-i “geosiyasi risklərdən qorunmanı” əsas səbəblərdən biri kimi göstərib.
Bundan əlavə, “Financial Times”a müsahibəsində ÜQŞ-nin beynəlxalq əməkdaşlıq üzrə rəhbəri Shaokai Fan bildirib ki, “geosiyasi narahatlıqlar” və “qızıla daimi çıxış imkanının itirilməsi qorxusu” qızıl külçələrinin repatriasiyası və saxlanma məkanlarının şaxələndirilməsi tendensiyasının əsas hərəkətverici qüvvələridir.
“Bu narahatlıqlar, əlbəttə ki, uzun müddətdir formalaşırdı. Lakin hesab edirəm ki, mərkəzi banklar indi bu məsələyə daha ciddi yanaşır və qızıllarını harada saxlamalı olduqları barədə daha çox düşünürlər”, — deyə ÜQŞ nümayəndəsi vurğulayıb.


