Mediasiya Şurasının üzvü, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru, prof. Bənövşə Məmmədovanın müəllifi olduğu "Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” kitabının imza günü keçirilib.
İmza günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı Dövlət Universitetinin Sosial iş fakültəsinin dekanı, dosent Üzeyir Şəfiyev, Fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, Pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, məktəb direktoru Dilarə Cəbrayılova, Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, təhsil eksperti Etibar Əliyev, Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.
Çıxış edən Nadir Adilov mediasiya sahəsində yeni tədris vəsaitlərinin nəşr edilməsinin bu sahənin öyrənilməsində, elmi - nəzəri biliklərin artırılmasında və təşviqindəki əhəmiyyətini vurğulayıb.
Həmçinin digər çıxış edənlər yeni bir sahə olan mediasiya institutunda mediatorların tədris prosesi zamanı tədris vəsaiti bazasının artmasının önəmini diqqətə çatdırıb.
Bənövşə Məmmədova çıxış edərək “Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” kitabının əsas ağırlıq mərkəzinin təhsil sahəsi olduğunu və kitabda orta və ali təhsil müəssisələrində mediasiyanın tətbiqi, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, müəllimlərarası əməkdaşlıq, məktəb rəhbərliyi ilə valideynlər arasında kommunikasiya, eləcə də inklüziv təhsildə - xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işdə mediasiyanın rolunun geniş şərh olunduğunu deyib.
Sonda kitablar iştirakçılara təqdim olunub.