Farş alarkən nələrə diqqət etməliyik? - Ekspert AÇIQLAYIR

Farş alarkən nələrə diqqət etməliyik?

Ətin bahalaşması ilə bağlı məsələ mətbuatda dəfələrlə qaldırılıb, səbəbləri mütəxəssislərlə müzakirə edilib. Budəfəki müzakirə isə bahalaşma deyil. Qiymətin əsassız şəkildə aşağı olmasıdır. Bəli, söhbət ət dükanlarında, marketlərdə satılan farş ətlərdən gedir. Məsələn, hazırda marketlərdə sümüklü ətin kilosu 14-15 manat, sümüksüz ət 19-20 manat, farşın qiyməti isə 8-10 manat arasında dəyişir.

Bəs farşı digər ətlərdən fərqləndirən nədir? Əgər hər ikisi qırmızı ətdən hazırlanırsa, niyə qiymətlər arasında bu qədər fərq var? Ən əsası, farş alarkən nələrə diqqət etməliyik?

Sənaye mühəndisi, ekspert Sayat Quliyeva deyir ki, farşın ucuz olmasının səbəbi ilk növbədə ətin müddətinin keçməsi və zərəri az da olsa qarşılamaq məqsədilə, istifadə müddətinə az qalan ətin istifadə olunmasıdır: “Bundan əlavə, bəzi nəzarətdən kənar müəssisələrdə, kəsim mərkəzlərində qoca heyvan ətlərindən, qığırdaqdan, iç piylərindən, donmuş ətlərdən istifadə etməklə farşlar hazırlanır. Hazırlanan farşlarda kənar qoxu və dadların olumaması məqsədilə bəzi dadlandırıcılar və ətin rənginin qorunması məqsədilə müəyyən qatqılardan istifadə olunur. Bir çox hallarda isə toyuq dərisindən, ətindən, hətta toyuq ayağından istifadə olunur”.

Mütəxəssis bildirir ki, əgər farş real mal ətindən hazırlanmayıbsa, ətin görünüşündə ağ çalarlar olur, dad və çeynəmə zamanı kənar hissəciklərin mövcudluğu hiss edilir: “Bunları nəzərə alaraq istehlakçılar farşı ev şəraitində hazırlamağa üstünlük verməli, kənarda hazırlandığı zaman prosesi müşahidə etməli, kəsim məntəqələri, eləcə də iri ticarət mərkəzlərindən ətin mənşəyi ilə bağlı baytarlıq arayışlarını tələb etməlidirlər”.

Medianews