“Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.
Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı açıqlanmayıb.
Xatırladaq ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 761 308 manatdır. Səhmdar cəmiyyəti "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə yaxın şirkət sayılır. Şirkətin səhmlərinin 98,5%-nə keçmiş dövlət məmurunun qaynı Hikmət Xammədov nəzarət edib. H.Xammədov həm də “Express Bank” ASC-nin səhmlərinin 19,5%-nə sahib olub, lakin 2022-ci ildə bankdakı payını satıb. H.Xammədov ötən ilin mayında isə “AZENCO” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.