Ermənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır
Təcavüzkar Ermənistanın növbəti hərbi-hücum təxribatı bölgədə uzunmüddətli sülh və sabitliyin yaradılması istiqamətində yaranmış fürsətlərin əldən verilməsinə və yaxud prosesin gecikməsinə öz mənfi təsirini göstərən arzuolunmaz vəziyyətdir.
Təəssüflə qeyd etmək lazımdır ki, üçtərəfli bəyanatlar və onlar əsasında əldə edilmiş digər razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindən tam çıxmayıblar. Ermənistan tərəfi istehsal etdiyi minaları ərazilərimizə döşəməkdə davam edir. Bu və digər anormal gedişlərlə təcavüzkar tərəf yeni əsasız şərtlər irəli sürərək nəqliyyat və kommunikasiyaların açılması prosesinə süni əngəllər yaradır. Bütün bunlar isə iki qonşu ölkə arasında uzunmüddətli sülhün yaranmasına qarşı yönəldilmiş məqsədli təxribatlardır.
Eyni zamanda sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.
Azərbaycan-Ermənistan dövlət sərhədində nə baş verir? Bu sual ətrafında fikir və düşüncələri bölüşmək üçün, ilk növbədə, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma proseslərinə qarşı olan qüvvələrin regiondakı maraq və mənafelərini nəzərdən keçirmək lazımdır. Yaranandan bəri daim başqa-başqa qüvvələrin əlində alət olan Ermənistan bütün dəyişən hərbi-siyasi şəraitlərdə öz hiyləgərlikləri ilə yeni torpaqlar qazanmağa nail olduğu üçün hazırda da bu niyyətindən daşınmaq istəmir.
Ariz Eyvazov
Göygöl RİHB Aparatının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri

