Bu gün azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır - ŞƏRH

Bu gün azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır

Biz qayıtmalı idik və qayıtmışıq. Qayıdış bu xalqın ən böyük haqqı, ən güclü arzusu, ən dərin inamı idi. Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarına yalnız fiziki olaraq deyil, ruhən, mənən və siyasi iradə ilə qayıtdı.

Bu qayıdış sadəcə coğrafi hüdudları deyil, milli qüruru, tarixi ədaləti və müstəqillik idealını da bərpa etdi. Bu gün azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir. Azərbaycanın dövlət iradəsi, iqtisadi gücü və strateji baxış bu torpaqları qısa zaman ərzində dirçəldir, onları müasir infrastrukturla təmin edir. Artıq bu bölgələrdə yeni xəstəxanalar, məktəblər, mədəniyyət mərkəzləri inşa olunub. Üç beynəlxalq hava limanı – Füzuli, Zəngilan və Laçın hava limanları – Azərbaycanın bu bölgələrə qayıdışını simvolizə edən strateji layihələrdir. Yeni dəmir yolu və avtomobil yolları tikilir, bölgənin dağlıq relyefini nəzərə alaraq 70 kilometrə yaxın tunelin inşası davam etdirilir.

Bu, təkcə mühəndislik deyil, siyasi, iqtisadi və milli gücün təcəssümüdür. Bu gün burada olan xarici qonaqlar da şahid oldular ki, Azərbaycanın azad edilmiş torpaqları artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada aparılan işlər həm miqyası, həm də sürəti baxımından dünya miqyasında nadir nümunələrdəndir. Ən önəmlisi isə odur ki, 43 mindən artıq vətəndaşımız artıq bu torpaqlara qayıdıb və burada yaşayır, çalışır. Onlar bu bölgənin əsl sahibləridir. Qayıdan insanlar sadəcə evlərinə deyil – yurdlarına, tarixinə və kimliyinə qayıdıblar. Bu torpaqlara həyat qayıdıb – uşaq səsi, məktəb zəngi, işıq, yol, xidmət, mədəniyyət və ümid qayıdıb. Bu qayıdışın əsasını isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə qoydu. Azərbaycan Ordusu Ermənistanın hərbi maşınını darmadağın etdi, işğala son qoydu. Bu qələbə xalqımızın birliyinin, igid əsgərlərimizin qəhrəmanlığının və güclü dövlət siyasətinin nəticəsi idi. Ermənistan ordusunu məğlub etdik və bu gün hər bir azərbaycanlı bu tarixi zəfərlə fəxr edir.

Bu gün azad edilmiş torpaqlarımızda baş verənlər, sadəcə bir regionun dirçəlişi deyil – bu, Azərbaycan xalqının dirənişinin, iradəsinin və gələcəyə olan inamının canlı sübutudur.

Biz sübut etdik ki, işğalla heç vaxt barışmamışıq, torpaq uğrunda can verən qəhrəmanları unutmamışıq və tariximizi öz əlimizlə yazmağa qadirik. İndi isə bu torpaqlarda həyat yazılır – yeni tarix, yeni ümid, yeni mərhələ. Azərbaycan xalqı bu tarixə qürurla imza atır.

Tamella Hümbətova;
Neftçala rayonu