Böyük mənəvi ideallara həsr edilmiş ömür!

Böyük mənəvi ideallara həsr edilmiş ömür!

Ölkəmizin ən görkəmli ziyalılarından biri olan Zərifə xanım Əliyevanın ibrətamiz həyatı, işıqlı fəaliyyəti daimi olaraq tariximizə nur saçmış, milli-mənəvi xarakteristikamızı zənginləşdirmişdir.

Dövrünün görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan  Muxtar  Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Zərifə xanımın göz açdığı, böyüyüb boya-başa çatdığı ailə mühiti onun  əsl tarixi şəxsiyyət kimi formalaşmasına böyük təsir etmişdir.

Tarixə nəzər saldıqda görürük ki, Zərifə xanımın yeniyetməlik və gənclik çağları İkinci Dünya müharibəsinə təsadüf edir. Faktlara əsaslanaraq deyə bilərik ki, O, demək olar ki, hər gün məktəbli yoldaşları ilə birgə dərsdən sonra yaxınlıqdakı hərbi hospitala gedir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz ailələrinə məktub yazmaqda kömək edir. Məhz bu hadisə onun həyat amalının, dünyagörüşünün formalaşmasına gətirib çıxarır.

Xəstələrə şəfa verməyin ən yüksək dəyərlər sırasında olduğunu həm eşidən, həm də görən Zərifə Əliyeva özünü məhz bu peşədə görürdü. 1942-ci ildə  orta  məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım dərin zəkası, dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə müəllimlərinin və tələbə yoldaşlarının dərin rəğbətini qazanır. Ali təhsil müddətində özünü  ən yüksək səviyyədə təsdiq və nümayiş etdirən Zərifə xanım oftalmoloq ixtisasına yiyələnir. Zərifə xanım Əliyevanın əsas üstünlüklərindən biri də onun  əsl insani keyfiyyətlərə malik olması idi. Bütün ali keyfiyyətləri özündə birləşdirən Zərifə xanım Azərbaycan qadınının ideal obrazını yaratmışdır.

Bildiyimiz kimi ötən əsrin ortalarında  dünyada göz xəstəliyi olan  traxoma  geniş  yayılmış,  400 milyona qədər insan bu infeksion xəstəlikdən əziyyət çəkmişdir. Lakin  o dövrdə oftalmologiya sahəsi o qədər də inkişaf etmədiyi üçün insanlar traxoma daxil bir çox göz xəstəliyindən əziyyət çəkirdilər. Məhz buna görə Zərifə xanım Əliyeva görmə orqanlarını sıradan çıxaran bu xəstəliyə qarşı mübarizə aparmağı qərara almışdı. Məhz onun yorulmaz elmi fəaliyyəti sayəsində bu xəstəliyin müalicəsi mümkün olmuş, minlərlə insanın dünya işığına həsrət qalmasının qarşısı alınmışdır. Tibb sahəsində göstərdiyi əvəzsiz xidmətlərə görə  Zərifə xanım Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının  akademik  M.İ.Averbax adına Mükafatına layiq görülmüşdür. O, Sovet  İttifaqında belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə görkəmli alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Zərifə xanım, həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Bütün bu elmi-pedaqoji və tibbi uğurları ilə yanaşı, Zərifə xanım zərif qadın, qayğıkeş  ana, mehriban ömür-gün yoldaşı kimi də qürurla anılır. Ümummilli lider Heydər Əliyev özünün çətin və şərəfli  siyasi fəaliyyətində onunla çiyin-çiyinə çalışmış Zərifə Xanım Əliyevanın xatirəsini həmişə ehtiramla yad etmişdir; “Zərifə xanım çox böyük alim olub.

Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.” Azərbaycan Respublikasının-Birinci Vitse prezident Mehriban xanım Əliyeva işıqlı fəlaiyyəti ilə özünü Zərifə xanım Əliyeva yolunun davamçısı hesab edir.

Zərifə xanım Əliyevanın həyat yoluna nəzər saldıqda bir həqiqəti dərk edirsən ki, ömrünü böyük mənəvi ideallara həsr etmiş şəxsiyyətlər hər zaman qəlblərdə yaşayır. Zərifə Əliyeva kimi Azərbaycan eliminin inkişafındakı xidmətləri, böyük fəaliyyəti iz qoyandəyərli ziyalılarımız və alimlərimizhər zaman yaddaşlarda qalacaq, bu günümüz və gələcək nəsillər üçün örnək olacaqdır. 

Aqşin Hüseynli;
Neftçala rayonu