Binaların parklanma yerləri ödənişli ola bilərmi?

Binaların parklanma yerləri ödənişli ola bilərmi?

Bakıda bir sıra yeni tikili binaların həyətində avtomobil park etmək üçün yerlər məhduddur. Bəzi binaların isə, ya ümumiyyətlə qarajı və ya həyətində parkinq sahəsi yoxdur, ya da bu yerlər sakinlərə ödənişlə təklif edilir. 

Bəs əslində necə olmalıdır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəinin sədri Vüqar Oruc Plat.az-a açıqlamasında deyib ki,  mənzil alarkən və ya yeni yaşayış kompleksi layihələndirilərkən parklanma məsələsinə sonradan həll ediləcək problem kimi yanaşmaq düzgün deyil:

“Vətəndaş mənzil alarkən yalnız onun sahəsinə və qiymətinə baxmamalıdır. Binanın layihəsi, ətraf ərazinin sıxlığı, abadlıq və yaşıllıq sahələri, istirahət zonaları ilə yanaşı, parklanma imkanları da əvvəlcədən araşdırılmalıdır. Çünki mənzilin rahatlığı yalnız onun daxilindəki şəraitlə ölçülmür. Sakin öz avtomobilini saxlaya bilmirsə, bu da yaşayış komfortuna birbaşa təsir edən amildir”, – deyə Vüqar Oruc bildirib.

Sədr qeyd edib ki, 2026-cı ildə parklanma ilə bağlı yeni məcburi minimum tələblərin təsdiqlənməsi bu məsələyə daha konkret normativ çərçivə gətirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 16 iyul 2026-cı il tarixli qərarı ilə çoxmənzilli yaşayış binalarında hər mənzil üçün ən azı 1 parklanma yeri nəzərdə tutulmalıdır:

Yeni tələblər nə deyir?

 "Ümumi sahəsi 180 kvadratmetr və daha çox olan mənzillər üçün isə minimum göstərici 1,3 parklanma yeridir. Eyni zamanda, ümumi parklanma yerlərinin ən azı 50%-i yeraltı parkinqlərdə yerləşdirilməlidir.

Bu tələblər əslində problemin haradan başlamalı olduğunu göstərir. Əgər binada 300 mənzil varsa, minimum tələbdən çıxış etdikdə 300 parklanma yeri nəzərdə tutulmalıdır. Mənzil sayı 500-dürsə, söhbət artıq ən azı 500 parklanma yerindən gedir. Yəni parklanma tikinti başa çatdıqdan sonra düşünüləcək məsələ deyil, layihənin özünün bir hissəsidir”, – deyə AQC sədri vurğulayıb.

İdarə Heyətinin sədrinin sözlərinə görə, burada yalnız parklanma yerlərinin sayının müəyyənləşdirilməsi kifayət etmir. Binanın ətrafındakı yol şəbəkəsinin və ümumi nəqliyyat yükünün də əvvəlcədən qiymətləndirilməsi vacibdir:

“Yüzlərlə mənzilin olduğu yaşayış kompleksi yüzlərlə ailə deməkdir. Bu ailələrin hamısının avtomobili olmasa belə, həmin binanın ətrafında formalaşacaq nəqliyyat yükü əvvəlcədən hesablanmalıdır. Burada sakinlərin avtomobilləri ilə yanaşı, qonaq avtomobilləri, xidmət və təcili yardım nəqliyyatı, yükdaşıma və gündəlik giriş-çıxışlar da nəzərə alınmalıdır. Ona görə şəhərsalma baxımından yalnız binanın daxilində neçə parklanma yeri yaradıldığına deyil, obyektin ətraf infrastruktura təsirinə də baxmaq lazımdır”.

Yeni qaydalarda parklanma yerlərinin yalnız sayına deyil, onların yerləşdirilməsinə də tələb qoyulduğunu bildirən Vüqar Oruc deyib ki, yerlərin ən azı yarısının yeraltı parkinqlərdə olması yerüstü ərazilərin daha səmərəli istifadəsinə imkan yarada bilər.

Bina tikilərkən parkinq nəzərə alınmalıdır

“Bu, həm də həyətlərin avtomobillərlə tamamilə tutulmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Yaşayış kompleksinin həyəti yalnız avtomobillər üçün nəzərdə tutulmuş məkan olmamalıdır. Orada insanların hərəkəti, yaşıllıq, uşaq və istirahət zonaları da nəzərə alınmalıdır”.

"Sakin öz həyətində avtomobil saxlaya bilmirsə və küçədə park etməyə məcbur olursa, məsələyə də ayrı-ayrılıqda yanaşmaq lazımdır", - deyə V.Oruc əlavə  edib. 

Müsahibimiz vurğulayıb ki, yeni tikili ilə bağlı ilk növbədə layihədə nəzərdə tutulan parklanma imkanları araşdırılmalıdır:

“Əgər yeni bina layihələndirilərkən tələb olunan parklanma təmin edilməyibsə, problemin kökü tikinti və layihələndirmə mərhələsində axtarılmalıdır. Digər tərəfdən, küçə və ümumi istifadədə olan parklanma yerlərinin təşkili artıq ayrıca şəhər nəqliyyatı və yol infrastrukturu məsələsidir. Bu iki məsələni bir-birindən ayırmaq lazımdır”.

Parkinq amili evin qiymətinə təsir edir

V.Oruc parklanma yerinin mənzilin qiymətinə daxil edilməsi məsələsində də alıcının məlumatlandırılmasının vacibliyini vurğulayıb:

“Parklanma yerinin mənzillə birlikdə satılması və ya ayrıca təklif olunması məsələsində alıcı bilməlidir ki, nə alır, həmin yerin hüquqi statusu nədir və onun üzərində hansı hüquq yaranır. Parklanma yerinin ayrıca satılması onun əhəmiyyətini aradan qaldırmır. Əksinə, parklanma yeri olan və olmayan iki mənzilin istifadə rahatlığı və bazar cəlbediciliyi eyni olmaya bilər”.

Onun sözlərinə görə, bu amil daşınmaz əmlakın qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir:

“Mənzilin bazar dəyərini müəyyənləşdirərkən onun sahəsi, yerləşdiyi mərtəbə, binanın vəziyyəti və digər xüsusiyyətlərlə yanaşı, parklanma imkanları da nəzərə alınmalıdır. Özünə aid və hüquqi statusu aydın olan parklanma yeri əmlakın istifadə imkanlarını artıran amillərdən biridir”.

AQC sədri hesab edir ki, 2026-cı ildə təsdiqlənən yeni tələblərdən sonra əsas məsələ onların layihələndirmə və tikinti prosesində necə tətbiq olunmasıdır:

“Normanın müəyyən edilməsi vacib addımdır. Amma əsas məsələ onun praktikada təmin edilməsidir. Yeni yaşayış kompleksi layihələndirilirsə, mənzil sayı ilə parklanma yerlərinin sayı arasında uyğunluq əvvəldən təmin olunmalıdır. Eyni zamanda həmin obyektin ətrafında yaranacaq nəqliyyat yükü də nəzərə alınmalıdır. Əks halda bina tikilir, mənzillər satılır, amma problem sonradan küçəyə və şəhər infrastrukturuna ötürülür”.

Vüqar Orucun fikrincə, parklanma məsələsi artıq yalnız avtomobil sahiblərinin problemi kimi deyil, şəhərsalma və daşınmaz əmlak bazarının mühüm komponentlərindən biri kimi qiymətləndirilməlidir:

“Yeni bina yeni problem yaratmamalıdır. Mənzil sayı artırsa, onun yaratdığı nəqliyyat yükü də əvvəlcədən hesablanmalı, parklanma və digər infrastruktur imkanları buna uyğun formalaşdırılmalıdır. Bu, həm sakinlərin rahatlığı, həm şəhər mühitinin keyfiyyəti, həm də daşınmaz əmlakın real dəyərinin formalaşması baxımından vacibdir."

Qeyd edək ki, yeni tələblərə əsasən, binalarda parklanma yerlərinin ən azı 5 %-i əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmalıdır. Bundan başqa, 50 və daha çox parklanma yeri olan obyektlərdə yerlərin ən azı 15 %-i elektrik nəqliyyat vasitələrinin enerji doldurması üçün müvafiq infrastrukturla təmin edilməlidir. Qeyri-yaşayış obyektləri üçün isə metro, tramvay, şəhərətrafı dəmir yolu stansiyaları və nəqliyyat mübadilə qovşaqlarının 400 metrədək piyada əlçatanlıq zonasında normativ parklanma yerlərinin sayının 30%-dək azaldılmasına imkan verilir.