Beynəlxalq Seminar: “Orbital Sinerji: Kosmik Rabitənin Qlobal Perspektivləri”
Sentyabrın ilk həftəsində Bakıda “Intersputnik”, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və AZCON Holdinq şirkətlərindən olan “Azərkosmos”un birgə təşkilatçılığı ilə “Orbital Sinerji: Kosmik Rabitənin Qlobal Perspektivləri” adlı beynəlxalq seminar keçirilib. Tədbir Azərbaycan və digər üzv dövlətlərin mütəxəssisləri üçün peyk rabitəsi sahəsində bilik və bacarıqların artırılmasına həsr olunub.
“Azərkosmos”dan bildirilib ki, seminarda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya, Serbiya və Hindistandan olan nümayəndələr iştirak ediblər. Açılış mərasimində “Azərkosmos”, “Intersputnik” və BTİ-nin MDB üzrə Regional Ofisinin rəhbərləri çıxış ediblər.
Beynəlxalq elmi-tədqiqat institutlarının və şirkətlərin nümayəndələri çıxışlarında peyk rabitəsi sənayesinin inkişafı və tənzimlənməsi ilə bağlı vacib mövzulara toxunublar. Müzakirələr mobil rabitə sistemləri, hərəkətdə olan yer stansiyalarının tənzimlənməsi, peyk əsasında “Əşyaların interneti” (IoT), kibertəhlükəsizlik və süni intellektin tətbiqi məsələlərini əhatə edib.
Seminar peyk rabitəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsi, bilik və bacarıqların artırılması, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verən mühüm tədbirlərdən biri kimi dəyərləndirilib.

