Azərbaycan manatını nə gözləyir?! – Ekspert açıqladı

Azərbaycan manatını nə gözləyir?! – Ekspert açıqladı

“Azərbaycan milli valyutası son 6 ildə (2015-ci ilin devalvasiyasından sonra) əsas ticarət partnyorlarının valyutasına münasibətdə ən yüksək həddə bahalanıb”.

BusinessTime xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

R.Ağayev hesab edir ki, bu ilin noyabrında manatın qeyri-neft nominal effektiv məzənnəsi 2016-cı ilə nisbətən yüksəkdir:

“Halbuki 2015-ci ilin yekunlarına nisbətən 2016-cı ildə qeyri-neft nominal effektiv məzənnə 30% ucuzlaşıb.

Problem ondadır ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının orta çəkili inflyasiya səviyyəsindən yüksək olduğu üçün manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalanır. Ən azından inflyasiyanın daha aşağı səviyyəsinə nail olsaydıq, nominal bahalaşmanın müəyyən hissəsi aşağı inflyasiya sayəsində daha aşağı göstərici ilə real effektiv məzənnəyə ötürülərdi.

Müşahidə edilən meyl nəticəsində dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarının onsuz da zəif olan rəqabət qabiliyyəti daha da zəifləyir.

Doğrudur, Azərbaycanın qeyri-neft məhsul çeşidi və ixrac potensialı onsuz da böyük deyil. Amma hazırkı məzənnə siyasəti səbəbindən asılı olmayaraq hökumətin "qeyri-neft ixrac potensialı bizim üçün 1 nömrəli prioritetdir" bəyanatlarına tamamən ziddir.

Manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalandığı şəraitdə inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir. Üstəgəl, nəzərə almaq lazımdır ki, məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında da deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir...

Məlumat üçün qeyd edim ki, təkcə bu il ərzində manatın nominal effektiv məzənnəsi 7,3%, real effektiv məzənnəsi 8.8% bahalanıb.

Real effektiv məzənnənin bahalaşma tempi 2014-cü ildən sonra ən yüksək həddədir.