“AzInTelecom” media nümayəndələri üçün təlim keçirib
AZCON Holding şirkətlər qrupuna daxil olan “AzInTelecom” MMC media nümayəndələri üçün “Qələmdən süni intellektə” mövzusunda təlim təşkil edib.
40-a yaxın jurnalistin iştirak etdiyi təlimdə “AzInTelecom”un rəqəmsal xidmətlər sahəsində fəaliyyəti və müasir texnoloji həlləri barədə məlumat verilib. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik xidmətləri diqqətə çatdırılıb.
Tədbir çərçivəsində SİMA ekosistemindəki ən son yeniliklər və funksionallıqlar, həmçinin platformanın rəsmi maskotu “Simi” təqdim olunub.
Daha sonra jurnalistlər üçün ənənəvi mediadan rəqəmsal kommunikasiyaya keçid mövzusunda təlim keçirilib. İnteraktiv formatda təşkil olunan təlim zamanı media nümayəndələrinin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda jurnalistlər arasında miniviktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “AzInTelecom”un təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığının artırılması, eləcə də ölkədə rəqəmsal xidmətlər barədə informasiyaların daha geniş işıqlandırılmasına dəstək məqsədi daşıyır.


