“Azəri Med” barəsində dərmanın qiymətinə görə inzibati protokol tərtib edilib
“Azəri Med” MMC-nin dərman vasitəsini müəyyən edilmiş qiymətdən baha satdığı aşkarlanıb.
Şirkət barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 28 iyul 2026-cı ildə inzibati xəta haqqında protokol tərtib edilib.
Rəsmi məlumata əsasən, “Azəri Med” MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb. Bununla da şirkətin “Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsinin tələbini pozduğu müəyyən edilib.
Qanunun 4.7-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satıla bilməz və həmin dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətə satılması qadağandır.
Fakt İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə qiymətləndirilib. Həmin maddəyə əsasən, tənzimlənən qiymətdən yuxarı qiymətə dərman satışına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək cərimə edilə bilər.
Xatırladaq ki, “Azəri Med” MMC dərman vasitələrinin, tibbi avadanlıqların və sərf materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan tibbi təchizat şirkətidir. Şirkət eyni zamanda apteklər şəbəkəsi vasitəsilə pərakəndə dərman satışında fəaliyyət göstərir.
“Azəri Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 14 milyon 187 min 360 manatdır. Şirkətin direktoru Famil Vəli oğlu Rəhimlidir. (banker.az)


