Azərbaycanlı sığortaçılar ABŞ-də xüsusi təlim proqramında iştirak ediblər
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və yerli sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti ABŞ-nin San-Fransisko şəhərində keçirilən “İnnovasiya və Təlim Proqramı”nda iştirak ediblər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, ASA-nın təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində yerli nümayəndə heyəti Stanford Universitetində keçirilən xüsusi təlim proqramına qatılıb. İştirakçılar, təlimlərlə yanaşı universitetin innovasiya ekosistemi ilə yaxından tanış olublar.
Proqram çərçivəsində nümayəndə heyəti “Google”, “Meta” və “Apple” kimi nüfuzlu beynəlxalq şirkətlərə səfər edib, bu qurumların innovasiya yanaşmaları və texnoloji inkişaf istiqamətləri barədə geniş məlumat əldə ediblər.
Azərbaycan sığortaçılarından ibarət nümayəndə heyəti, həmçinin, proqram təminatının inkişafında çevik idarəetmə yanaşmalarına həsr olunmuş “SCRUM” texnologiyası üzrə təlimdə də iştirak edib. Bu təlim çərçivəsində sığorta sektorunda proqram təminatının daha çevik və effektiv şəkildə hazırlanması imkanları müzakirə olunub.
Səfər zamanı innovativ startap şirkətlərlə də görüşlər keçirilib. Bu çərçivədə “Stack AI” və “Further AI” şirkətlərində təşkil olunan görüşlərdə süni intellektin sığorta sahəsində tətbiqi, xüsusilə risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və avtomatlaşdırma istiqamətləri üzrə təqdimatlar dinlənilib və müzakirlər aparılıb.


