Azərbaycanın balıqyetişdirmə şirkəti cərimələndi

Azərbaycanın balıqyetişdirmə şirkəti

“Az Varvara” MMC xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, şirkət balıqartırma və balıqyetişdirmə fəaliyyəti ilə məşğuldur. Şirkətin Mingəçevir balıqartırma və balıqyetişdirmə elm-istehsalat kompleksi fəaliyyət göstərir.