Azərbaycanda illik inflyasiya apreldə düşüb – Niyə bu AMB üçün vacibdir?

Azərbaycanda illik inflyasiya apreldə düşüb

Azərbaycanda Mərkəzi Bankın əsas diqqətdə saxladığı illik inflyasiya aprel ayında zəifləmə nümayiş etdirib.

Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin aprel ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5.5% artıb. Mart ayında bu göstərici 5.6% təşkil etmişdi. Aylıq ifadədə isə qiymətlərdə artım 0.3% olub.

Yanvar-aprel dövründə orta illik inflyasiya 5.6% səviyyəsində olub. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6.7%, qeyri-qida məhsulları üzrə 3.7%, ödənişli xidmətlər üzrə isə 5.7% artıb. Aprel ayında qida inflyasiyası aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 6.2% olub.

İnflyasiya göstəricilərinin hədəf diapazonund (2%-6% aralığı) a qalmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı son qərarında risklərin əsasən xarici mənbələrdən qaynaqlandığını demişdi.

“Baxmayaraq ki, inflyasiya hədəfimiz yuxarı revizya edilib, lakin hədəf çərçivəsində (2-6%) qalacağını proqnoz edirik”- Mərkəzi Bankın sədri Taleh Kazımov 6 may qərarına dair təşkil edilmiş mətbuat konfransında bildirib.

Tənzimləyici qurum mayın 6-da keçirilən iclasda uçot faiz dərəcəsini 6.5% səviyyəsində dəyişməz saxlayıb. Faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% olaraq qorunub.