Azərbaycanda ictimai binalarin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib

Azərbaycanda ictimai binalarin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının "İctimai binalar və qurğular. Layihələndirmə normaları" barədə qərarı təsdiqlənib. Komitə sədri Anar Quliyev tərəfindən imzalanmış yeni normativ sənəd hündürlüyü 55 metrədək olan ictimai binaların layihələndirilməsinə dair tələbləri müəyyən edir. Sənəd yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan təhsil, səhiyyə, mehmanxana, ticarət, inzibati, mədəniyyət və idman obyektlərini, habelə yaşayış binalarındakı ictimai sahələri əhatə edir.

 Yeni normalar əsasən dörd istiqaməti əhatə edir: uşaqların təhlükəsizliyi, cəmiyyətin bütün üzvləri üçün əlçatanlıq, vətəndaş sağlamlığının qorunması, eləcə də ətraf mühitə dost və dayanıqlı tikinti.

 Uşaqlar üçün daha təhlükəsiz mühit

Sənəd məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqların fiziki təhlükəsizliyinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Normalarda uşaqlar üçün nəzərdə tutulan otaqların onların yaş xüsusiyyətləri nəzərə alınmaqla yerləşdirilməsi müəyyən edilibYeni tələblərə əsasən, körpə yaşlı uşaq qrupları binaların birinci mərtəbəsində yerləşdirilməli, hər qrup bölməsi azı iki təxliyə çıxışı ilə təmin olunmalı, istilik cihazları isə uşaqların qızdırıcı elementlərlə birbaşa təmasının qarşısını alan qoruyucu örtüklərlə təchiz edilməlidir. Pilləkən məhəccərlərinin hündürlüyünə dair də minimum 1,5 metrlik tələb müəyyənləşdirilib.

 Məktəblərdə tədris otaqlarının sahəsinə və təhsil mühitinin keyfiyyətinə dair standartlar konkret müəyyən edilib: sinif otaqlarının hündürlüyü azı 3,6 metr, hər şagird üçün azı 2 kvadratmetr, kompüter kabinetlərində isə hər iş yeri üçün azı 4,5 kvadratmetr sahə nəzərdə tutulmalıdır. Hava keyfiyyətinə dair tələblərə görə, hər şagird üçün saatda azı 20 kubmetr təmiz hava təmin edilməlidir. Bundan əlavə, idman meydançaları və uşaq bağçalarının oyun sahələrinin azı yarısı gün ərzində minimum üç saat birbaşa gün işığı almalıdır. Aşağı siniflər üçün tədris otaqlarının ayrıca yerləşdirilməsi, akt zallarının isə ikinci mərtəbədən yuxarı olmamaqla təşkili nəzərdə tutulur.

 Uşaqların təhlükəsizliyinin gücləndirilməsi məqsədilə təhsil müəssisələri tibb otaqları, videomüşahidə, yanğın və mühafizə siqnalizasiyası sistemləri, habelə həyəcan siqnalının aidiyyəti xidmətlərə ötürülməsini təmin edən vasitələrlə təchiz edilməlidir.

 İnklüzivlik, əlçatan infrastruktur və səhiyyə obyektləri üçün standartlar

Normalarda əlilliyi olan şəxslər və ahıl vətəndaşlar üçün mühitin əlçatanlığına xüsusi əhəmiyyət verilir. Panduslar, uyğun işıqlandırma və hərəkət yolları, eləcə də liftlər və ya xüsusi qaldırıcı qurğularla təchizat üzrə konkret tələblər müəyyənləşdirilib. Xəstəxanalar, doğum evləri, poliklinikalar və sosial xidmət müəssisələrində binanın hündürlüyündən asılı olmayaraq liftlər quraşdırılma, ən azı bir liftin kabinəsinin ölçüləri isə xərəkdə xəstə daşınmasına imkan verməlidir.

Tibb müəssisələrinə dair tələblər sanitariya təhlükəsizliyinin artırılması və pasiyentlərin şəraitinin yaxşılaşdırılmasına yönəlib. Adi xəstəxana palatalarında çarpayı sayı dörddən çox olmamalı, əməliyyat otaqları, reanimasiya zalları, intensiv terapiya palataları və yenidoğulmuş şöbələri isə müstəqil ventilyasiya və mikroiqlim sistemləri ilə təmin edilməlidir — bu otaqlarda mikroorqanizm və virusların zərərsizləşdirilmə effektivliyi azı 95 faiz olmalıdır.

 Bundan əlavə, yoluxucu xəstəlik və vərəm şöbələri üçün antibakterial filtrli ayrıca ventilyasiya kanalları tələb olunur, rentgen və radioloji otaqların isə hamilə qadın və uşaq palatalarına bitişik yerləşdirilməsi qadağan edilib.

Yanğın təhlükəsizliyi və akustik komfort

Sənəd təxliyə çıxışları, pilləkən və dəhlizlərin eni, otaq tutumu, yanğın əleyhinə sədlərə və tüstünün kənarlaşdırılması sistemlərinə dair ətraflı normalar müəyyənləşdirir. Uşaq bağçaları, məktəblər və internat evləri siqnalı birbaşa yanğınsöndürmə xidmətlərinə ötürən avtomatik siqnalizasiya sistemləri ilə təchiz olunmalıdır. Səs-küy və vibrasiya yaradan (ventilyasiya kameraları, nasosxanalar, liftlər və s.) avadanlıqlar yaşayış otaqlarının, tədris sahələrinin, xəstəxana palatalarının və uşaqların olduğu otaqların üstündə, altında və ya yanında yerləşdirilərkən müvafiq normativ tələblərə əməl edilməlidir.

Davamlı və enerjiyə qənaətcil tikinti

Enerji səmərəliliyi və təbii ehtiyatlardan səmərəli istifadə məqsədilə sənəd enerjiyə qənaət edən fasad və dam örtüyü sistemləri, istilik nasosları, avtomatlaşdırılmış isitmə tənzimlənməsi, həmçinin günəş və külək enerjisindən istifadənin tətbiqi tövsiyə olunur. Layihələndirmə mərhələsində təbii işıqlandırmadan istifadə, otaqların həddindən artıq qızmasının qarşısının alınması və su resurslarının səmərəli idarə edilməsi nəzərə alınmalıdır. Fərqli mülkiyyətçilərə və ya təşkilatlara məxsus sahələr üçün isə kommunal resursların sərfiyyatının ayrıca uçotunun aparılması da tələb olunur.

Ümumilikdə yeni normaların qəbulu uşaqların təhlükəsizliyini, inklüzivliyi, ictimai sağlamlığı və “yaşıl” tikinti prinsiplərini vahid çərçivədə birləşdirərək Azərbaycanda müasir və insan mərkəzli ictimai infrastrukturun, mühitin formalaşdırılmasına xidmət edir.

Sənədin tam mətni ilə göstərilən linkə keçid edərək tanış olmaq mümkündür: https://bit.ly/%C4%B0ctimaibinalarv%C9%99qur%C4%9FularLayih%C9%99l%C9%99ndirm%C9%99normalar%C4%B1