Azera Holdinq ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə Azera Holdinqin direktoru Akif Əliyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, təhsil sahəsində son illərdə görülən işlər, müasir tədris standartlarının tətbiqi, tələbələr üçün sosial dəstək mexanizmlərinin yaradılması prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının göstəricisidir. A.Əliyev Təhsil Tələbə Krediti Fondunun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edib ki, tələbələrə göstərilən dəstək onlara təhsilə çıxış imkanı yaratmaqla yanaşı sosial rifahının yüksəldilməsinə əhəmiyyətli şəkildə töhfə verir. İmzalanan memorandum təhsilalanların real iş mühitində təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcək.
Daha sonra Holdinqin Biznesin İnkişafı Departamentinin rəhbəri Elnur Kələntərov Azera Holdinqin çoxşaxəli fəaliyyəti, strategiyası və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.
TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov çıxışında Fondun fəaliyyətindən danışaraq bildirib ki, TTKF aztəminatlı ailələrdən olan tələbələrin təhsil olmasına dəstək verir, sosial bərabərliyi təşviq edir və onların təhsil imkanlarını genişləndirir. O əlavə edib ki, Azera Holdinq ilə əməkdaşlıq təhsil kreditlərindən yararlanan tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb olunmasına və ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunmalarına töhfə verəcək.
Qeyd edək ki, tərəflər arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu qarşılıqlı əməkdaşlığın qurulması, tələbə və məzunların təcrübə mübadiləsi, ixtisaslarına uyğun işlə təmin olunması, birgə proqramların təşkili və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti nəzərdə tutur.