Aqrar sektorda 33 yeni modul istifadəyə verəcək
Azərbaycanın aqrar sektorunda 33 yeni modulun istifadəyə verilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.
O, qeyd edib ki, 2020-ci ildən etibarən fəaliyyət göstərən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) çox ciddi fermer məlumatları toplanıb: "Hazırda 600 mindən artıq fermerin yer aldığı bu böyük informasiya bazasında fermerin əkin apardığı konkret nöqtə, əkilən bitki növü, sortu və yığılan məhsulun həcminə qədər bütün detallar öz əksini tapıb. 2024-cü ilin sonundan etibarən sahədə üzləşilən bütün problemlər xəritələşdirilib. Həm iqtisadi səmərəlilik, həm də datanın mövcudluğu nəzərə alınaraq, kənd təsərrüfatı nazirinin qeyd etdiyi kimi, 33 moduldan ibarət "Yol xəritəsi"nin hazırlanmasına qərar verilib".
Müşavirin sözlərinə görə, bu modullar kənd təsərrüfatı sahəsində həm dövlətin, həm də fermerin qarşılaşdığı çətinliklərin həllinə dəstək üçün hazırlanıb, konkret proqramlar şəklində qruplaşdırılıb: "Həmin proqramlara Fermer reytinqi və bitki növlərinin optimallaşdırılması, bitki sağlamlığına nəzarət və məhsul proqnozlaşdırılması, suvarmanın idarə edilməsi və torpaq xəritələrinin yaradılması, ortofoto çəkilişi və otlaq sahələrinin idarə olunması, heyvandarlığın idarə olunması, gübrə-pestisid qeydiyyat sistemi, alaq otlarının erkən aşkarlanması və xəstəliklərin xəritələşdirilməsi daxildir".
S. Novruzov əlavə edib ki, hazırda artıq 7 istifadə ssenarisi (modul) tam yekunlaşıb: "2026-cı ilin sonuna qədər 21, 2027-ci ilin əvvəlində isə 33 modul hazır olacaq. Bir modulun hazırlanması müxtəlif mənbələrdən toplanan datalar əsasında baş tutur. Bu prosesdə aqronomluğun və kənd təsərrüfatının fundamental sütunları sayılan torpaq, iqlim və su məsələləri ən vacib data mənbələri kimi istifadə olunur".

