ADRA “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin tərəfdaşıdır
Bakıda keçirilən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə təşkil olunan sərgidə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfdaş qurum kimi iştirak edir.
İyunun 20-dək davam edəcək sərgidə ADRA xüsusi stendlə təmsil olunur. Agentliyin stendində açıq məkanda reklam fəaliyyəti, reklam daşıyıcılarının yerləşdirilməsi qaydaları, sahibkarlara göstərilən xidmətlər və qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici materiallar təqdim edilir.
Bununla yanaşı, stenddə quraşdırılmış monitor vasitəsilə reklam sahəsində qanunvericilik, sahibkarlar üçün vacib məlumatlar və Agentliyin fəaliyyəti ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilir.
Sərgi iştirakçıları və sahibkarlar ADRA-nın stendinə böyük maraq göstərərək Agentliyin əməkdaşlarına onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayırlar. Stendə yaxınlaşan sahibkarlara açıq məkanda reklam yerləşdirilməsi, icazələrin alınması prosedurları və mövcud normativ tələblər barədə ətraflı məlumat verilir, onların müraciətləri cavablandırılır.
Qeyd edək ki, “Yerli Şirkətlərin Tanıtım Sərgisi” ölkədə fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərinin tanıdılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platformalardan biridir. Builki sərgidə 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.


